
Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Gununsesi.info-ya daxil olan məlumata görə, şəhərsalma planına uyğun olaraq yol boyu müasir yol infrastrukturu yaradılıb.
Belə ki, Suraxanı rayonunun Zığ – Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri də tam olaraq yekunlaşdırılıb. Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.
Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb.
Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Daha sonra 2 qat olmaqla, yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənib. Sözügedən yolda asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla, asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına 6.7 min p/metr yeni səki daşı düzülüb.
“Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb. Bundan başqa, gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub”.
Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 8 yerdə xüsusi “cib”li dayanacaq hissələr yaradılıb.
Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə, sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
Gununsesi.info