Sürüşkən iş rejiminə keçid: İş saatları azalacaq?

  • By Ayshan
  • 26 Dekabr 2025 20:06

Bakıda tıxaclar artıq təkcə yol problemi yox, həm də zaman problemidir.

Hər gün minlərlə insan saatlarla yol gedir, işə çatmağa çalışır. Səhər tezdən Bakı yenə tələsir. Sükan arxasında əsəblər gərilir, avtobus dayanacaqlarında vaxt dayanır. 20 dəqiqəlik yol bəzən iki saata qədər uzanır. Elə bu səbəbdən sürüşkən iş rejimi məsələsi yenidən gündəmə gəlib. Məsələ artıq rahatlıq yox, effektivlik məsələsidir. Çıxış yolu kimi sürüşkən iş rejimi gündəmə gəlib.

Deputat Fazil Mustafa çıxışında bildirib ki, tıxac tam aradan qalxmayıbsa, heç olmasa vətəndaşın vaxt itkisi nəzərə alınmalıdır.

“Heç olmasa, Bakının tıxac problemi tam həll olunmayıbsa, biz vətəndaşların vəziyyətini yekunlaşdırmaq üçün müəyyən addımlar ata bilərik. Əgər insan sübut edirsə ki, yolda işə gəlmək üçün 2 saatı yola gedirsə, heç olmasa işdən 1 saat tez getmək imtiyazı tanınmalıdır. Çünki hər bir insanın işə keyfiyyətli özünün gücünü qoyması baxımından bu olduqca faydalıdır”.

Mütəxəssislər isə hesab edir ki, sürüşkən iş rejimi təkbaşına yetərli deyil. Bunun üçün paralel addımlar atılmalıdır.

Bəs dünya  təcrübəsində necədir? Bənzər addımlar tıxacın aradan qaldırılmısına gətirib çıxara bilər?

Mövzu ilə bağlı  Gununsesi.info-ya danışan Nəqliyyat Məsələləri Üzrə Ekspert Eldəniz Cəfərov bildirib ki, hibrid rejim adlanan bu sistem Avropa ölkələrində geniş tətbiq olunur.

“Burada məsələ ondan ibarətdir ki, işçi ilə işəgötürən arasında əldə olunmuş razılaşma əsasında işçilərin bir qismi səhər və axşam saatlarında – müxtəlif vaxtlarda işə gəlib gedə bilirlər. Bu da yollarda olan sıxlığın azalmasına müsbət təsir edir”.

Onun fikrincə, bu model artıq bir çox ölkələrdə sınaqdan çıxıb və nəticə verib.

“Azərbaycanın əmək məcəlləsində məsafədən işlə bağlı məsələ müddəada əks olunub. Ona görə düşünürəm ki, mərhələ ilə, ictimai müzakirələrlə bu sistem haqında ciddi düşünmək olar”,- deyə o qeyd edib.

Sürüşkən iş rejimi təkcə iş saatlarının dəyişməsi deyil, şəhərin nəfəs alması deməkdir. Bu sistem tətbiq olunarsa, yollarda sıxlıq azalacaq, insanlar vaxtı ilə deyil, işi ilə ölçüləcək. İndi əsas sual budur: Bakı bu dəyişikliyə nə vaxt hazır olacaq?

Ayşən

Gununsesi.info