Sürüşmə davam edir - RƏSMİ

  • By admin
  • 22 Oktyabr 2018 11:30

Bakıda son günlər, demək olar ki, bütün sürüşmə zonalarında aktivlik müşahidə olunur. Ən gərgin vəziyyət isə Badamdar ərazisindədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan Gununsesi.az-a  bildirilib ki, ərazidə gərginlik qalmaqdadır.

“Sürüşmənin üz hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin üz hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri də qeydə alınıb. Bu da prosesin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyişiklik qeydə alınmayıb” – məlumatda bildirilir.
Ümumilikdə isə Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir.

Əziz Qaralov ile ilgili görsel sonucu

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda ümumən ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur: “Zığ qəsəbəsində, Masazır qəsəbəsindəki ”Zəli gölü” adlanan ərazidə, Abşeron rayonunun “At yalı” adlanan yaşayış massivindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var. Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində, gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmələr qeydə alınıb. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib”.

Öyrəndik ki, Zığda baş verən sürüşmədən sonra istinad divarları sökülür. Sürüşmənin qarşısını almaq üçün bərkitmə işləri aparılır, şosenin kənarındakı ot örtüyü təmizlənir.

Məlumat üçün qeyd edək ki, Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir. Ümumilikdə isə Bakıda sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.