Sürüşmə zonasından köçürülən son sakin şikayətçidir

  • By admin
  • 24 İyun 2019 11:03

Rafiq Abbasov evinə verilən təzminatın kvadratmetrə görə hesablanmadığını bildirir

“Mənim Zığ-1 sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş fərdi yaşayış evim var. Ərazidəki 59 ailədən biriyəm. Qəzalı şəraitlə bağlı bizi ərazidən köçürürlər”.

Bu sözləri Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yaşayan Rafiq Bəylər oğlu Abbasov “Yeni Müsavat”a ünvanladığı şikayət məktubunda yazıb.

Onun sözlərinə görə, 44 fərdi yaşayış evinin sakinlərinə 45 kvadratmetrdən 200 kvadratmetrə qədər olan evlərin hər birinə 40 min manat kompensasiya verilir: “15 ikimərtəbəli fərdi yaşayış evinin sakinlərinə isə 45 kvadratmetrdən 200 kv-a kimi evlərin hər birinə 55 min manat birdəfəlik maddi yardım verərək evlərimizdən çıxarıblar. Yəni kvadratmetrinə görə təzminat qiymətləndirilmir, vahid məbləğ müəyyənləşdirilib. Evlərin kvadratmetrdən asılı olmayaraq, hər birinə eyni məbləğdə təzminat verilməsi əsassızdır. Mən bilmək istəyirəm ki, 45 kv-dan 200 kv-a qədər sahəsi olan fərdi yaşayış evlərinə hansı əsasla 40 min-55 min manat arası pul verilir? Bu, hansı qanuna, sərəncama əsaslanır? Hansı qanuna əsasən yerli icra hakimiyyətinə hüquq verilib ki, vətəndaşların xəbəri olmadan, onunla razılaşdırılmadan Neft Şirkətinin daimi istifadəsində olan 6,0 hektar torpaq sahəsinin ayrılması məqsədi ilə həmin sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilib, yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına keçiriblər? Çünki 1993-cu il 25 iyun qərarına əsasən o torpağı icra hakimiyyətinin almağa hüququ o zaman olar bilər ki, vətəndaş razılıq versin. Mənə verilən sərəncam da saxtadır, baş nazirin ad-soyadı, möhürü vurulmayıb, sərəncamın sonunda xüsusi rəqəm yazılmayıb.

Mən ölkə rəhbərliyindən, ədliyyə nazirindən, Mehriban xanımdan xahiş edirəm ki, evimin kvadratmetrinə görə kompensasiya verilməsinə köməklik edilsin. Hara müraciət edirəmsə baxılmır. Yüzlərlə teleqramlar vurmuşam, prezidentə yazmışam, heç bir nəticəsi yoxdur”.

Şikayətçi sürüşmə ərazisini tərk etməyən yeganə sakin olduğunu vurğulayıb və səsinə səs verilməsini xahiş edib.

Gununsesi.org