“Şuşa haqqında” Qanuna bu dəyişikliklər təklif olunur

  • By admin
  • 20 Aprel 2022 14:54

Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinin aparılması, habelə Şuşa adından istifadə edilməsi haqqında yeni qaydalar müəyyənləşir.

Gununsesi.info xəbər verir ki, qaydalar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

– hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

– mükafatların və təltiflərin adlarında;

– yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

– kommersiya və reklam məqsədilə;

– əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

Tikinti, memarlıq və şəhərsalma fəaliyyətinin həyata keçirilməsi üçün təklif edilən yeni qaydalara görə isə Şuşada aparılan inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər zamanı abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir.

Müvafiq tədbirlərdən sonra işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişikliklər öz növbəsində Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarında dəyişiklik edilməsini zəruri edir. Ona görə, həmin qanunlara təklif edilən uyğunlaşdırmalar da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Gununsesi.info