Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: Arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq planlaşdırılan tədbiri Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu birgə təşkil edib.
Bu barədə Gununsesi.info-ya Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Şuşa şəhərinin tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Tədbirdə tarixçi-alimlər, professorlar Abbas Seyidov, Kərim Şükürov çıxış ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşa Azərbaycanın dilbər güşələrindəndir, hər birimiz üçün əziz məkandır. Şuşa şəhəri tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz olub. Bu gün yenidən canlanan Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir.
Konfrans öz işini tarix, arxeologiya, etnoqrafiya və antropologiya bölmələrində davam etdirib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, onun tarixi, arxeologiyası, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzularda məruzələr dinlənilib.
Gununsesi.info