
Kəlbəcər Rayon İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Kəlbəcər Rayon Uşaq İncəsənət Məktəbinin “Şuşa İli”nə həsr olunmuş konsert proqramı keçirilib.
Gununsesi.info bildirir ki, konsertdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gəncə Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Kəlbəcər rayon hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu bildirib.
“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzidir.
Eyni zamanda Şuşada keçirilən tədbirlər ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Xarı Bülbül” festivalı bir daha Azərbaycanı dünyada nə qədər multikultural dəyərlərə önəm verdiyini, inkişaf etdiyini və tolerant bir ölkə olduğunu göstərdi.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada infrastrukturun qurulması ilə yanaşı, Vaqif Poeziya Günləri, “Xarıbülbül” festivalı da bərpa edilib, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir. Çıxışının sonunda Həbib Misirov tədbirin təşkilatçılarına təşəkkür edərək, Kəlbəcər mədəniyyət işçilərinin kollektivinə uğurlar arzulayaraq belə tədbirlərin işğaldan azad olunmuş doğma Kəlbəcərimizdə keçirməyi dilədi.
“Şuşa İli”nə həsr olunmuş konsert proqramında Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivi tərəfindən səsləndirilən Şuşaya həsr olunmuş müxtəlif mahnılar, xor kollektivinin çıxışları maraqla izlənilib.
Konsertdə Uşaq İncəsənət Məktəbinin xor kollektivinin, xalq çalğı alətləri ansamblının, uşaqlardan ibarət xalq çalğı və aşıqlar ansamblarının çıxışları təqdim olunmuşdur.
Məktəbin müəllimləri Baloğlan Məhəmmədov, Cəvahir İsmayılova, VII Muğam müsabiqəsinin iştirakçısı, məktəbin müəllimi Tariyel Vəliyev, şagirdlər Rəvan İsmayılzadə, Kənan Tağızadə, aşıq İbadət Mehdiyev öz musiqi ifaları ilə çıxış etmişlər.
Gununsesi.info