Şuşada BMT bayrağının dalğalanması… - Deputat

  • By admin
  • 19 Mart 2022 15:36

Şuşada Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan  toplantının keçirilməsi böyük tarixi hadisədir. Bu, Azərbaycanın növbəti uğuru, dövlətimizin 44 günlük Vətən müharibəsindəki böyük zəfərinin bir daha təntənəsidir. Şuşada BMT bayrağının dalğalanması beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tanımasının növbəti nümayişidir. Ermənistanın isə böyük bir uğursuzluğu və məğlubiyyətidir. Ermənistan bu tədbirin baş tutmaması üçün əlindən gələni etsə də, buna nail ola bilmədi və onların tədbirlə bağlı etirazları Paşinyanın riyakarlığını bir daha göstərdi.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, BMT kimi nüfuzlu bir təşkilat Azərbaycanda, məhz işğaldan azad edilən Şuşa şəhərində bu toplantını keçirirsə, bu, Qarabağ zəfərinin, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün həm de-yure, həm də de-fakto bütün dünya ölkələri tərəfindən tanınması deməkdir:

“Bu, birmənalı olaraq Ermənistanın hazırda tutduğu mövqeyə sarsıdıcı zərbədir. Belə olan halda Ermənistanın və onun ağılsız rəhbərliyinin qıcıqlanması, ziddiyyətli fikirlər irəli sürməsi, buna etiraz etməsi əslində gözlənilən idi. Bu gün Ermənistan hakimiyyətinin Şuşa toplantısı ilə əlaqədar açıqlama və bəyanatları göstərdi ki, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları sürməkdə davam edir, bu isə Nikol Paşinyanın növbəti siyasi riyakarlığıdır. Biz dəfələrlə həm son 30 ildə, həm də ötən əsrdə, ümumiyyətlə son 200 ildə Azərbaycana qarşı yalanların, böhtanların, təxribatların, qısqanclığın şahidi olmuşuq. Biz Ermənistanın bu cür hiyləgər addımlarına tarix boyu şahidlik etmişik. Azərbaycanın inkişafı, dövlətimizin irəli getməsi Ermənistanı narahat edib. Çünki onların “dənizdən-dənizə böyük Ermənistan” adlı çirkin arzuları və digər şovinist ideyaları Azərbaycanın tərəqqisi, bu bölgədə bərqərar olması ilə davamlı olaraq arxa plana keçir və bu ideyalar məğlubiyyətə uğrayır”.

Deputatın sözlərinə görə, BMT-nin Şuşa tədbirində iştirakına etiraz faktiki olaraq Azərbaycana qarşı ərazi iddiasıdır: “Demək, Ermənistan bunu rəsmən elan etməsə də, ərazi iddiası qalır. Tədbirdən əvvəl etirazlar nəticəsiz qaldığı kimi, sonrakı etirazlar da nəticə verməyəcək. Novruz bayramı ərəfəsində bu tədbirin BMT-nin iştirakı ilə Şuşada keçirilməsi bir daha Azərbaycanın uğurudur. Ölkə Prezidentinin uğurla həyata keçirdiyi həm daxili, həm də xarici siyasətin böyük bir təntənəsidir. Bu, Azərbaycan rəhbərliyinin dəmir iradəsinin, dəmir yumruğunun, dəmir biləyinin zəfəridir.

Bayram münasibətilə də başda ölkə Prezidenti İlham Əliyev olmaqla, qəhrəman Azərbaycan xalqını, igid ordumuzu təbrik edirəm. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, bütün dünya azərbaycanlılarına aydın səma, hər zaman bayram əhval-ruhiyyəsi, daha böyük zəfər və nailiyyətlər arzu edirəm”.

Gununsesi.info