Şuşada bunu etmək dünyada sensasiyaya səbəb olacaq  - Şervin Nəcəfpurla MÜSAHİBƏ

  • By admin
  • 06 Sentyabr 2021 14:14

Bu günlərdə Norveçdə yaşayıb fəaliyyət göstərən istedadlı soydaşımız, fəal diaspor nümayəndəsi Şervin Nəcəfpur yenə Azərbaycan mədəni irsinə mühüm töhfə verib. Belə ki, Norveçin kral ailəsi üçün geyimlər hazırlayan tanınmış dizaynerin Tükiyənin nüfuzlu “Antaliya Fashion Week” tədbirində “Xarıbülbül” kolleksiyası nümayiş olunub.

Nəcəfpur dünyanın, eləcə də qardaş Türkiyənin bir sıra nüfuzlu dəb jurnallarının üz qabığını bəzəyən “Xarıbülbül” kolleksiyası haqda Publika.az-a danışıb.

– Şervin xanım, yenə də Azərbaycan adına qlobal layihəyə imza atdınız. Təbrikimi qəbul edin.

– Təşəkkür edirəm. Ümumiyyyətlə, bütün layihələrimi türk dünyası adına gerçəkləşdirirəm. Norveçdə doğulub böyüməyim də bir yandan üstünlüyümdür. Çünki dünya xalqlarının qəlbinə gedən yolun mədəniyyət, kino, teart, moda, bütövlükdə sənətdən başladığını düşünürəm. Xüsusən də Avropa ölkələrində insanlar savaş və digər kədərli mövzular haqda danışmaq istəmirlər. Bir növ əhvallarını yüksək saxlamağa üstünlük verirlər. Bizim də üzərimizə düşən vəzifə təbliğatımızı mədəni körpülər üzərində qurmaqdır. Odur ki, moda aləminin gücündən faydalanmağa çalışıram. Bu baxımdan fəaliyyətimi daim işıqlandıran Azərbaycan və Türkiyənin media nümayənələrinə minnətdarlığımı bildirirəm.

– Əminəm ki, bu zövq qarşılıqlıdır. “Xarıbülbül” kolleksiyanızın doğulmağından danışmağınızı istərdim.

– Bilirsiniz ki, yaradıcı insanın ideyaları daim bol olur. Sadəcə onları gerçəkləşdirmək üçün doğru zamanı gözləyir. Xarıbülbülü parçalara köçürmək ideyası məndə 3-4 il öncə yaranıb. Amma bilirdim ki, hələ zamanı deyil. Uzun müddət ətrafımdakı güclü insanlara müraciət etdim, çoxu yardım əlini uzatmadı. Bütün gücümü səfərbər edib, kolleksiyamı “Antaliya Fashion Week”də nümyiş etdirməyə qərar verdim. Bilirsiniz ki, hər il baş tutan bu mötəbər tədbir çox böyük kütləyə xitab edir.

– Buna rəğmən bütün əhəmiyyətli ideyalarınızı həyata keçirməyə nail olursnuz. Uğurlarınız danılmazdır.

– Bütün çətinliklərə rəğmən xəyallarımın ardından getmək xarakterimdir. Sonsuz enerjim, motivasiyam sayəsində layihəmi gerçəkləşdirməyə nail oldum. Yeri gəlmişkən, “Antaliya Fashion Week”də bu il üzvlük haqqımı ödəyən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyini xüsusi qeyd etmək istərdim. Bildiyiniz kimi, pandemiya dövründə ən çox ziyan görən sahələrdən biri də moda oldu. Odur ki, yenidən gücümüzü toplayıb, arzularımızı hərəkətə gətirmək asan olmadı. Antaliya Moda Həftəsi təşkilatının rəhbəri Eda Meltem Leykoviçə də peşəkar nümayiş üçün dərin təşəkkürümü bildirirəm.

– Bilirəm ki, ilham mənbəyiniz zahiri və daxili gücü ilə ətrafına enerji saçan qadınlardır.

– Şübhəsiz. Bu kolleksiyada güclü qadınların ruhunu əks etdirməyə çalışmışam. Xüsusən də bir sıra vacib, hətta deyərdim ki, qlobal mesajları bir araya toplamışam. Dünyanın harasında oluruqsa-olaq karyeramızda irəliləyib, ailəmizin qayğısına qalan cəsur qadınlarıq. Bir yandan da haqq davamıza sahiblənməyə nail oluruq. Şəxsən mən müharibə dövründə də, tarixi Zəfərimizdən sonra da bir sıra cəbhədə döyüşdüm. Bir yandan xarici media üçün məqalələr yazıb, digər tərəfdən siyasətdə fəallıq nümayiş etdirdim. Uşaqlığımdan bəri Avropanın bir sıra ölkələrində təşkil etdiyimiz mitinqlərdə əlimdə plakatlarla iştirak etmişəm. Xüsusən də mesajlarımı sevgi üzərində qurmağa çalışmışam. Elə “Xarıbülbül” kolleksiyam da istisna deyildi. Plakatlar üzərində Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinə dair Ümummili liderimizin söylədiyi müsajlar da yer almışdı. Bu gün də Cənab Prezidentimiz 50 milyon soydaşımızı yumruq kimi birləşdirməyə nail oldu. Bu birlik əslində xalqımızın dərin sevgisi idi. İstərdim ki, artıq eşqin paytaxtı Roma, Paris deyil, məhz Şuşa olsun. Elə buna görə plakatların birində “Sevgilim, səni Şuşada gözləyirəm” yazılmışdı.

– Kolleksiyanız haqda bilmədiyimiz faktları da eşitmək istərdim.

– Kolleksiyadakı libasların sayı 11-dir. Yəni zəfər bayramımızın tarixidir. Həmçinin dron çəkilişi ilə geyimlərin üzərindəki 8 rəqəmini də görmək mümkündür ki, bu da Şuşamızın işğaldan azad olunduğu tarixdir.

– “Xarıbülbül” kolleksiyanızı Şuşada işıqlandırmaq diləyi ilə…

– Bu gün dünyanın ən məşhur dizaynerləri ilk növbədə milli mədəniyyətlərini, ornamentlərini təbliğ edirlər. Mən də arzu edirəm ki, yalnız Şervin Nəcəfpur imzası üçün deyil, Vətənim yolunda çalışım. Bundan sonra kolleksiyalarım Qarabağ, Şuşa torpağında nəfəs alsın. Əminəm ki, növbəti təqdimatlarımız Şuşada keçirilsə, dünyanın ən nüfuzlu moda dərgiləri də bizimlə birgə tarixi torpaqlarımıza gəlib, həm mədəniyyətimizə, həm də zəfərimizə bir daha şahid olacaqlar. Bu da dünyada sensasiyaya səbəb olacaq.

Gununsesi.info