Şuşada “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024″ Beynəlxalq Proqramı çərçivəsində Sülh və Harmoniya üçün İslam Gənclərinin müzakirəsi keçirilib.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, panel müzakirələri gənclər və idman nazirinin müavini İndira Hacıyeva müxtəlif ölkələrdən qatılan gənclərə müraciəti ilə açıb.
O bildirib ki, gənclər bu cür müzakirələrdə iştirak edərək məlumatlılıq baxımından güclənirlər: “Siz hər biriniz öz ölkənizin gələcəyi olacaqsınız. Bilirsiniz ki, son illər regionlaşmanı çox tez-tez eşidirik. Bu sadəcə coğrafi məna daşımır, həm də baxışla əlaqədardır. Bizləri birləşdirən, tarix və dəyər mühüm rol oynayır. Ona görə, sizin bu baxışlara dair fikirlərinizi, bizi birləşdirən dəyərlərə münasibətinizi müzakirə etməyinizi istəyirəm”.
Sülh və Harmoniya üçün panel müzakirələrdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov, Uqanda İslam Universitetinin rektoru İsmayıl Simbva Qyagenda iştirak ediblər.
Müzakirələrdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətləri birləşdirən dəyərlərdən, sülh və harmoniya naminə gənclər arasında birliyin gücləndirilməsində İslam ənənələrinin rolundan bəhs edilib.
Bildirilib ki, müzakirələr davamlı inkişaf üçün ekoloji maarifləndirmə, etik məsuliyyət və ümumi dəyərləri təşviq etmək məqsədi daşıyır.
Tədbir icmalar arasında sülh və harmoniyanın təmin edilməsində dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulayan yekun nitqlərlə yekunlaşıb.
Gununsesi.info