Şuşanın real görünüşü xəyalımdakından daha füsunkar, daha mükəmməldir

  • By admin
  • 18 İyul 2022 10:45

 

Daha öncə getmədiyim, heç vaxt görmədiyim, amma gözəlliyinə vurğun olduğum şəhərə getmişdim. Heç vaxt qarşılaşmasalar da, Şapurun çəkdiyi rəsmlərdən Xosrova aşiq olan Şirin kimi mən də illərlə qarabağlıların, böyüklərimizin təsvir etdiklərini xəyalımda canlandıraraq aşiq olmuşdum Şuşanın gözəlliyinə. Hər zaman inanmışam ki, heç bir istisnasız, xəyal HƏMİŞƏ reallıqdan daha gözəl, daha mükəmməl olur.

Amma Şuşanı görəndən sonra anladım ki, yanılmışam. 30 il həsrət çəkmiş, özü özünə qürbət olmuş halı ilə belə Şuşanın real görünüşü xəyalımdakından daha füsunkar, daha mükəmməldir…

Amma mahnılardakı, şeirlərdəki işvəsi, nazı yoxdur sanki. Əksinə, şəhərin üzərində qəribə bir sükut var. Bəlkə də bu sükut Şuşanın otuz illik həsrətə üsyanıdır, ya da ona daha az zərər vermək üçün ağır silahlardan istifadə etmədən, onu əlbəyaxa küçə döyüşləri ilə azad edən igidlərə sayqı duruşudur… Bəlkə küskünlüyün, bəlkə günahkarlıq hissinin, bəlkə də sadəcə darıxqanlığın ifadəsidir bu sükut… Amma bu inadlı susqunluğun səbəbi hər nədirsə, onun əzəmətini daha da artırır.

Üç il əvvəl Şuşaya xəyali səyahət edən Nazim Sabiroğlunun “Şuşada gördüklərim…” yazısını oxuyub ağlayanda, Paşinyanın Cıdır düzündə Yallı getməsini izləyib günlərlə hiddətdən, qəhərdən boğulanda heç ağlıma da gəlməzdi ki, belə tezliklə Şuşanı görmək bizlərə qismət olacaq. Şükür qovuşdurana…

Orda fərqinə vardım ki, insanlar Şuşanı pir kimi, müqəddəs ocaq kimi ziyarət edir. Elə mən də içimdə sevinclə, qürurla, hüznlə, minnətdarlıqla, heyranlıqla, şükranlıqla dolu izahedilməz bir hisslə gəzdim onun küçələrini. Şuşanın azad edilməsi planı haqda eşitdiklərim hansı tərəfə baxsam, gözlərimin önündə səhnələşirdi. İgidlərimizin şəhərə zərər verməmək üçün ehtiyatlı davranışlarını, əlbəyaxa döyüşlərini görürdüm ətrafımda. Və anladım ki, bir gün hamı və hər şey haqda dediyimiz təriflər, təşəkkürlər şablonlaşa bilər, ağız alışqanlığına çevrilə bilər, ancaq canını torpaq uğrunda fəda edənlərə minnətdarlığımız heç vaxt şablonlaşmayacaq, boğazdan yuxarı edilən təşəkkürə çevrilməyəcək. Yarım qalan ömürlərə hər zaman yanacağıq və borclu olacağıq…

Şeir, sənət, musiqi beşiyimizi bizə qaytaran şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun!

Röyanə Cəfər