Xəbər verdiyimiz kimi, Milli Məclis İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edəcək.
İddialara görə, həmin dəyişikliklərdə inzibati həbs müddətlərinin artırılacağına dair müddəa da var.
Yeni layihəyə görə, inzibati həbslər üçün nəzərdə tutulan maksimum 3 aylıq cəza müddəti 4 aya qaldırılır.
İctimai-siyasi fəallar isə hesab edir ki, bu addım onların aktivliyinə görədir.
Belə ki, hökumət fəalları daha uzun müddətli həbslə cəzalandırmaq məqsədir güdür.
Onu da qeyd edək ki, Azərbaycanda inzibati həbs müddəti ilk dövlərdə 1 ay olsa da ötən illərdə bu müddət artırılıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə Gununsesi.info-ya açıqlamasında inzibati həbs müddətinin artırılmasını nəzərdə tutan layihə barədə məlumatsız olduğunu deyib: ” Hazırda Milli Məclisdə İnzibati xətalar Məcəlləsinə dəyişikliklə bağlı bir neçə layihə var. Bu dəyişikliklərdən biri İXM-in 38-ci maddəsinə, yəni, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə məsələsinə aiddir. Belə ki, hazırda qüvvədə olan layihədə nəzərdə tutulur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yeni layihədə isə təklif olunur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilsin”.
Deputatın sözlərinə görə, burada əsas məqsəd hansısa formada şəxslərin vəziyyətin ağırlaşdırılması deyil: “Əksinə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qarşısında dayanan vəzifələri daha səmərəli təmin edilməsinə yönəlib. Belə ki, təcrübə göstərir ki inzibati xətalarla bağlı tərtib olunan protokollar, qəbul edilən qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxılma üçün hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan üç aylıq müddət kifayət etmir. Bu isə inzibati təhbehin inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, eyni zamanda yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi məqsədlərə nail olmağa imkan vermir. Ümumiyyətlə, bir məsələni diqqətinizəı çatdırım ki, 4 aylıq müddət bizim hazırkı inzibati xətalar məcəlləsində yeni yanaşma deyil. Bir sıra inzibati xətalara münasibətdə 4 aydan daha çox müddət nəzərdə tutan nümunələr var. Məsələn, elə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, dərman vasitələri haqqında qanunvericiliyin, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya və s. əməllərə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər”.
Mətləb Yaqublu
Gununsesi.info