Suyu kəsilənlər ayağa qalxdılar - Yolu bağladılar

  • By admin
  • 23 Avqust 2016 18:07

azadliq

Bakınin Binəqədi rayonunda Metronun “Azadlıq” stansiyasının yaxınlığında  sakinlər eiraz aksiyası keçirib. Buna səbəb bir neçə gündür suların kəsilməsidir. Etiraz aksiyası keçirən Bakı sakinləri əllərində su qabları ilə avtomobil yolunu bağlayıblar.

Gununsesi.info-nun məlumatına görə, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisinin sakinləri saat 16:00 radələrində aksiya keçiriblər.  Sakinlərin verdiyi açıqlamaya görə, onlar bir həftədən çoxdur ki, suya həsrətdirlər. Odur ki, etiraz əlaməti olaraq,  Şövkət Məmmədova küçəsində nəqliyyatın gur olduğu  yolu bağlayıblar.

Sakinlər qeyd ediblər ki, problemlə bağlı dəfələrlə “Azərsu”ya müraciət etsələr də, onları dinləyən və eşidən olmayıb. Etiraz aksiyasından dərhal sonra hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Polis əməkdaşlarının müdaxiləsindən sonra avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, artıq bir neçə gündür Bakının Binəqədi, Xətai və bir neçə digər rayonlarda içməli suyun verilməsi ilə bağlı problemlər yaranıb.

Gülnaz Qənbərli

Gununsesi.info