TƏBİB seroloji testlər keçirəcək

Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gununsesi.info-ya verilən məlumata görə, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır.

Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.

İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.

Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyat məlumatlandırılacaqdır. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır.

Qeyd edək ki insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.

Gununsesi.info