Təbii qazın tərkibinə zəhərləyici maddələr qatılır?- RƏSMİ AÇIQLAMA

Təbii qazın tərkibinə zəhərləyici maddələr qatılır?

Qış ayının bəlası – dəm qazı zəhərlənməsi son zamanlarda minlərlə insanın ölümünə səbəb olub. Hər soyuq qış ayları gəldikdə, insanların bu bəlayla üzləşməməyi artıq istisna hala çevrilib. Bu hal  məhz soyuq qış aylarında, mavi yanacağa ən çox tələbat olan vaxtda baş verir. Bəzən qazın miqdarının artırılması məqsədilə ona əlavə maddələrin qatıldığı və tərkibinin dəyişdirilməsi şübhələri yaranır. Çünki hər il eyni bəla bir çox həyatlara son qoyur. Bunun qarşısını isə almaq mümkün olmur.

Kimyəvi adı korbon monoksid (CO) olan dəm qazı havada gözə görünməyən, iysiz, dadsız olan qazdır. Bu qaz natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu “mavi ölüm”  bir çoxlarının həyatına qənim kəsilib.

Bəs minlərlə insanı qurbanına çevirən bu təhlükənin səbəbi nədir? Bunun qarşısını necə almaq lazımdır?

Gununsesi.info xəbər verir ki, primetime.az məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxlayıb. Qurum sözçüsü qazın tərkibinin dəyişmədiyini və zəhərlənmənin təhlükəsizlik qaydaları ilə bağlı olduğunu deyib:

“Azərbaycanda qaz dövlət standartlarına uyğundur və onun tərkibinə hər hansı bir zəhərli maddə qatılmır. Dəm qazından zəhərlənmə halları təhlükəsizlik qaydalarına düzgün riayət etməməkdən irəli gəlir. Bununla bağlı aidiyyatı qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyi bir sıra maarifləndirmə işləri apararaq ictimaiyyəti ehtiyyatlı olmağa səsləyir. Aparılan profilaktik tədbirlərdə insanlar kifayət qədər məlumatlandırılsa da, onlar texniki təhlükəsizlik qaydalarına əməl etmirlər. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evlərdə boruların, istilik qurğularının tez-tez təmizlənməsi, kifayət qədər nəfəsliyin olması mütləqdir. Mənzillərə quraşdırılan istilik qurğuları müəyyən standartlara uyğun olmalıdır. Əsasən də tüstü bazasının işlək vəziyyətdə olmasına və düzgün quraşdırılmasına nəzər yetirilməlidir. O, evin örtü səthindən ən az 50-70 santimetr hündürdə yerləşdirilməlidir”.

Dəm qazı zəhərlənməsinin ilkin ələmatləri və xilas olma tədbirləri nələrdir?

Dəm qazı hava ilə ağ ciyərə daxil olur və qanın tərkibini dəyişdirir. Zəhərlənmə zamanı qanda olan oksigenlə dəm qazı birləşir və zəhərli olan CO qazı yaranır. Bu çox tez zaman ərzində baş verir. Qanda dəyişikliyin baş vermə prosesi tam olaraq həyata keçməyibsə, zəhərlənmiş insana kömək etmək mümkündür. Dəm qazının insan orqanizminə təsiri müxtəlif olur. Bu təsir dəm qazının miqdarından və insan orqanizminin gücündən asılıdır. Dəm qazından zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi, boğaz ağrısı və quru öskürəklə müşahidə olunur. Zəhərlənmə zamanı boğulan insanı ilk olaraq, açıq havaya çıxarmaq və üzünə su vurmaq lazımdır. Təcili tibbi yardım gələnə qədər xəstənin ürəyi masaj edilir və ona süni nəfəs verilir. Dəm qazı təkcə tənəffüs sistemini deyil, bütün orqanizmi məhv etmək gücünə malikdir. Bu səbəbdən qaz cihazlarından, əsasən də hamam otaqlarına quraşdırılan təchizatlardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Həmin otaqlarda zəhərli maddələrin xaric olması üçün nəfəsliyin olması zəruridir.

Gununsesi.info

COMMENTS