28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət edib, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salıb, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat verib.
Natiq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunub.
Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulayıb, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaqlarına qətiyyətlə inandığını bildirib.
Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilib.
Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub.
Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.
Gununsesi.info