“Şəhla müəlliməyə atılan güllə bütün Azərbaycan təhsilinə atılmış atəşdir” -ELÇİN ƏFƏNDİ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İdrak Liseyində silahlı insident baş verib. 

Liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Məsələ ilə ilə bağlı Gununsesi.info-ya danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, güllə təkcə Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə və Azərbaycan təhsilinə dəydi:

“Niyə? Çünki bu vaxta qədər müəllimlərə çox təzyiq göstərilirdi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli və ehtiyatlı rəftara üstünlük verəcək. Bu isə həmin şagirdin düşüncəsindəki sərbəstliyi daha da artıracaq. Nəticədə itirən Azərbaycan təhsili olacaq.

Burada açılan atəş yalnız Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə və Azərbaycan təhsilinə atılmış bir atəşdir. Vəziyyət elədir ki, müəllimlər şagirdlərə irad bildirəndə ki, məsələn, “Dərsini niyə hazırlamamısan?” və ya “Niyə hazırlıqsız gəlmisən?” – dərhal ya valideynlərdən, ya da şagirdlərdən təzyiq görürlər. Bəzi hallarda isə müəllim töhmət alır və ya işdən çıxarılır.

Belə bir vəziyyətdə, şagirdlər, xüsusilə də atəş açan şagirdin düşüncəsində olanlar, öz əllərini-ayaqlarını daha da sərbəst hiss edəcəklər. Müəllimlər artıq hər hansı bir söz deməkdə ehtiyat edəcəklər, rəftarlarını diqqətlə tənzimləyəcəklər ki, şagirdlər onların niyyətini düzgün başa düşsün və sabah oxşar halların qarşısı alınsın”.

Elçin Əfəndi fikirlərinə belə davam edib:

“Hal-hazırda biz informasiya texnologiyaları əsrində yaşayırıq. Hər şey sürətlə dəyişir, yeni sosial platformalar, tətbiqlər, oyunlar ortaya çıxır. Burada valideynlərin məsuliyyəti böyükdür. Valideynlər övladlarını bu cür platformalardan uzaq tutmalı, ağıllı telefonları və texnologiyanı düzgün idarə etməyi öyrətməlidirlər. Çox vaxt uşaqlar təhsildən yayınırlar, amma sonra təhsil tələb edirlər.

Valideyn məsuliyyəti yalnız bununla bitmir. Övlad məktəbə gedərkən çantasını yoxlamalı, hansı dərslikləri və əşyaları apardığını bilməlidir. Eyni zamanda təhsil müəssisəsi də diqqətli olmalıdır ki, şagird məktəbə nə gətirir, hansı əşyaları daşıyır, bu yoxlanılmalıdır. Məktəb qapılarına xüsusi cihazlar quraşdırılmalı və yoxlama prosesi həyata keçirilməlidir ki, xoşagəlməz insidentlərin qarşısı alınsın”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info