
“Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində təhsil eksperti Nadir İsrafilov Təhsil Nazirliyinə istinad etdiyini bildirərək, bu il 30 min şagirdin ümumi təhsil müəssisələrinə gedə bilməyəcəyini deyib.
Təhsil Nazirliyi isə bu informasiyanın tamamilə yalan olduğunu və Təhsil Nazirliyinin heç bir rəsmi səhifəsində bu cür informasiyanın olmadığını bildirib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən musavat.com–a bildirdilər ki, bu rəqəm Təhsil Nazirliyində heç vaxt səsləndirilməyib: “Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkəmizin müsbət demoqrafiyasını qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildirib. Məsələn, bu il ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 min 877 nəfər qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür.
Biz Nadir müəllimdən xahiş edirik ki, informasiyanı verərkən dürüst statistikaya əsaslansın və olmayan rəqəmləri şərh etməsin. O ki, qaldı hörmətli ekspertin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə, TQDK-nın aşağıda təqdim olunan statistikası buna ən yaxşı cavabdır.
2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda olub – 34 min 385 nəfər (43,8 faiz) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,8 faiz, 2014-ci ildəki göstəricidən 9,1 faiz artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40 faiz), 2014-cü ildə isə 32 159 nəfər (34,7 faiz) təşkil edib.
Gununsesi.info