“Təhsil Nazirliyi peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunmasını təklif edir” - AGENTLİK DİREKTORU

  • By admin
  • 15 Noyabr 2017 16:36

 

Təhsil Nazirliyi Azərbaycanda yüksək texniki peşə təhsilinin olmasını təklif edir.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ölkədə peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunması və yüksək texniki peşə təhsilinin olmasını təklif edir: “Bunlar ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili olsun”.

F.Mustafayev bildirib ki, yüksək peşə təhsili ali təhsil deyil: “Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Amma peşə təhsilində bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir. Biz bunu dərk edirik və millət vəkillərindən xahiş edirik ki, bu təklifimizi dəstəkləsinlər”.

F.Mustafayevin sözlərinə görə, insan texniki peşə alıb əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər: “Bu, bizim əvvəlki kolleclər səviyyəsidir. Amma bu təhsil humanitar sahəyə yox, sırf texniki sahəyə aid olacaq. Buna görə də humanitar sahəyə aid olmayan ixtisaslar olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunması vacib addım olacaq”.

Mürtəza

Gununsesi.info