Təkcə dodaqdan yox, ürəkdən öpən sevgili! - TÜRKAN TURAN YAZIR

  • By admin
  • 31 İyul 2017 14:30

unnamed

Zənglərin sayı azalır. Mesajlara gələn cavablar qısalır. Görüş sayları seyrəlir. Səndən başqa hər kəs, hər şey maraq dairəsində olur, hətta ucuz kafedəki 4 nəfərlik masanın yanında sümük gözləyən qulağı kəsik it belə…

Təklənirsən! Yalqızlaşırsan! Xəbərdarlıq edirsən, çox sevdiyini bəlli edirsən, onsuz “heç nə” olduğunu israrla sübut etməyə çalışırsan, itirməmək üçün daha nələr edirsən, onu bir sən bilirsən, bir də əzabların. Hələ əgər fədakarsansa işin lap qəlizdir! Söhbət ayrılığın bir addımlığında baş verənlərdən gedir.

Səhrasına su yağdırırsan, şaxtasına günəş çıxardırsan, söküyünə tikiş qoyursan, yarasına məlhəm olursan, lap belə ilan olub arxasınca sürünürsən, dərin soyulur, qanın axır, canın çıxır ayrılmamaq üçün, amma mümkün olmur. Cəhdlərin qədər azalırsan, sevgin qədər dəyərsizləşirsən, sözlərin qədər yox olursan və növbəti mərhələ başlayır… Adı ayrılıq! Dadmayan yoxdur. Ağrısı heç bir ağır xəstəliklə müqaisə edilmir. Konkret adı olan xəstəliklər bir və ya bir neçə orqana zərər verirsə, ayrılıq insanın təpəsindən dırnağına qədər özünü göstərir. Ayrılıq insanın reankarnasion effektidir. Öldürür, sonra yenidən dirildib, yenilənmiş bədəndə daha güclü ruh yaradır.

Əslində, mövzum ayrılıq da deyil, ayrılıqdan çox sonrakı mərhələdir. Gedənin geri dönməsi kimi…

Bütün tərk edənlər qayıdır, bütün rədd edənlər peşman olur. Bunun üçün qalaq-qalaq səhifələri çevirməyə gərək yoxdur, ətrafınızdakı bir neçə yaxınınızdan soruşun! Əkəsriyyətinin cavabı eyni olacaq: gedənlər geri dönür!

Bir növ qətlə bənzəyir. Adətən, qatillər cinayət törətdikləri yerə dönürlər. Bəziləri vicdan narahatlığına görə, bəziləri törətdiyi cinayətin qüsursuzluğunu izləmək üçün, digər qismi isə maraqdan bunu edir. Raskolnikov kimi…

Amma dönənlərə qapınızı açmayın. Hələ bir daha heç vaxt dönməyəcəkmiş kimi çırpılıb gedən qapıların dəstəyinə belə toxunmayın. Qapınız döyülsə də, çırpılsa da, lazım gəlsə evinizin küncündəki siçan deşiyinə qaçıb girin, amma peşman olub geri dönən sevgiliyə əsla qapı açmayın.

Statistikada göstərir ki, keçmiş sevgili ilə bir arada olmaq, 99 faiz pis fikirdir. Psixoloqlar, araşdırma nəticələri də bu qənaətdədir.

Məsələn: Keçmiş sevgilinizin uşaq kimi davranışlarından əvvəl xoşunuz gəlirdisə, artıq bu sizə çox bayağı görünəcək. Çünki artıq yanınızda bir uşaq yox, olğun, yetişkin kişi görmək istəyirsiniz.

Onunla mübahisələriniz, münaqişələriniz belə təkrar mövzular üstündə olacaq, hətta bu dəfə daha şiddətli. Artıq susan tərəf olmayacaqsınız, o qışqırsa, siz ondan yüksək qışqıracaqsınız, bir cümləsinin qarşılığını iki cümlə ilə qaytaracaqsınız. Hikkə havada uçuşacaq, eqo başınızda fırlanacaq, ağzınızdan çıxan hər söz bir-birinizə ox kimi sancılacaq.

Sevgi dolu gülüşləri, istehzalı təbəssümlər əvəzləyəcək, mövsümlər ya qış olub üşüdəcək, ya payız olub solduracaq.

Güvənməyəcəksiniz. Çünki güvən bir dəfə sarsılır.

İnanmayacaqsınız, elə buna görə də, hər cümləsinin başına ip keçirdəcəksiniz. Onsuzluğa bir dəfə alışdığınız üçün ikincidən də çəkinməyib, təhdidlər edəcəksiniz, “ayrılıram, gedirəm” deyərək.

Daha onun üçün ölməyəcəksiniz, çünki bir dəfə onun sizin “qanınıza” bulaşmış əlini görmüsünüz.

Ən gözəl mahnılarda ağlınıza gəlməyəcək, ən gözəl musiqilərdə onu düşünərək gözünüz dolmayacaq. Sizin üçün “vazkeçilməz” deyil,  “olmazsa eybi yox” siyahısında olacaq.

Ona dönsəniz belə həyəcan olmayacaq.  Əvvəl ona toxunmaq ruhunuzu təlatümə gətirirdisə, indi o coşğunu hiss etməyəcəksiniz. Duyğular bütün toxunuşlardan üstündür, əlbəttə, ancaq təkrar münasibət üçün bu keçərli deyil.

Bir kişi ayrıldıqdan uzun müddət sonra geri dönürsə, əmin olun ki, bu sevgidən deyil, axtardığı ümidlər, arzuladığı xəyallar suya düşdüyü üçündür. Onu keçmişə (sənə) aparıb çırpan, yenidən (sevgilisi) gələn zərbənin gücüdür.

Bu günlərdə sənədli film izləyirdim. Aslan yaralanır, yarasını sağaltmaq üçün ən yaxındakı su mənbəyini tapır. Suyu ağzına alır, sonra torpağa töküb qarışdırır. Bir az yoğurduqdan sonra yaranan palçığı yarasına çəkir. Palçıq yaradakı zəhərlənməni aradan qaldırır və bitişməsini təmin edir.

Ayrılan kişinin də geri dönməsi buna bənzəyir. Geridə qoyduğu qadın, onun ən yaxında yerləşən suyu, torpağı, məlhəmidir. Yarasını sağaltmaqdan ötrü daha nə lazımdır?

Ətrafınıza baxın! Həyat keçmiş sevgilidən ibarət deyil və inanın ki, dünya onun ətrafında fırlanmır. Geri dönən sevgili keçmişdəki hərəkətlərinə mütləq səbəblər gətirəcək, inanmayın. Dəyişdiyinə inanmayın, başqa insan olduğuna da inanmayın. Çünki insan nə komputer deyil, nə telefon, format olunmur. Heç bir insan dəyişmir. Ümumiyyətlə kimisə dəyişməyə çalışmağın özü bir axmaqlıqdır. Elə dəyişdiyinə inanmaq da, çalışmaq qədər axmaqlıdır.

Keçmiş sevgili ilə yenidən bir araya gəlmək, eyni filmi təkrar izləmək, eyni kitabı yenə oxumaq kimdir. Fərqli son gözləmək lazım deyil. Sonlar əvvəldən bildiyiniz kimi olacaq.

Əvvəl onunla mütləq xoşbəxt olmusunuz. Keyfiyyətli anlarınız da, kifayət qədər olub. Bütün bunlar normaldır. Amma zaman dəhşətli qavramdır. Zaman içində nələr baş vermir ki? İcazə verin, keçmişdə yaşadıqlarınız, elə orada da qalsın.

Əlinizdən möhkəmcə tutan, sadəcə dodağınızdan deyil, ürəyinizdən öpən sevgiliyə açın qapıları.

Türkan TURAN

Gununsesi.info