Paytaxt Bakıda əksər tikinti şirkətləri mənzilləri alıcılara təmirsiz vəziyyətdə təhvil verir. Bu isə həmin binaların gələcəkdə istismarında, eləcə də təmirində ciddi çətinliklər yaradır.
Gununsesi.info xəbər verir ki, inşaat şirkətlərinin bu addımı həm sakinlərin narahatlığına, həm də binanın xarici görünüşünün pozulmasına səbəb olur.
Bu cür binalarda məskunlaşan vətəndaşlar fasiləsiz səs-küydən, elektrik sisteminə fərdi müdaxilələrdən, binaların görkəminin ciddi şəkildə pozulmasından şikayətlənir.
Qabaqcıl ölkələrdə isə tikinti şirkətləri mənzilləri ancaq təmirli olaraq satır. Bu da binalarda yaşayış daha real və tez başa gəldiyindən insanların marağını çəkir.
Əmlak eksperti Ramil Osmanlı Xəzər Xəbər-ə açıqlamasında tikinti şirkətlərinin təmirli mənzilləri həddindən artıq baha qiymətə təklif etdiyindən müştərilərin buna maraq göstərmədiyini deyib.
Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda təmirli mənzil satan şirkətlərin sayı artmaqdadır. Buna görə də bazarda rəqabət yarandığından təmirli mənzillərin qiymətlərinin aşağı düşməsi gözləniləndir.
Gununsesi.info