“Tənzimləmə prosesinin irəliləməsində iştirakınız çox böyük əhəmiyyət kəsb edir” - ƏLİYEV PUTİNƏ BELƏ DEDİ

  • By admin
  • 08 Avqust 2016 17:30

put-4

“Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Mən də tez-tez Rusiyada oluram. Bu yaxınlarda, iyun ayında Peterburqda görüşmüşdük”.

Gununsesi.info xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. O, qeyd edib ki, tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir.  Onun sözlərinə görə, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir:

“Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm.

Bu gün həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq.

Sizi bir daha səmimi qəlbdən salamlayıram, xoş gəlmisiniz”.

Gununsesi.info