“Təpədən dırnağa” xəbər kanalı -BAXIŞ

  • By admin
  • 05 Sentyabr 2016 22:24

ANS MTRS

Yaxud, itirilməsi arzuolunmayan bir dəyər…

 

ANS üçün ən həssas həftələrdən birinin içindəyik. Bu həftə – sentyabrın 8-də Ali Məhkəmədə ANS-in lisensiyasının alınması qərarından kassasiya şikayətinə baxılacaq. Bu, həm də “ya tamam, ya davam” qərarı olacaq. Həftə 25 illik bir televiziyanın Azərbaycanın efir məkanından tamamilə silinməsi, ən yaşlı müstəqil televiziyanın ömrü gənc yaşında bitməsi ilə də tarixə düşə bilər, müstəqilliyimizin 25 illiyində müstəqil Azərbaycanla həmyaşıd telekanalın yenidən doğulması ilə də.

ANS-lə bağlı ittihamlara toxunmaq istəmirəm. Onlara televiziya rəhbərliyi səviyyəsində həm mətbuatda, həm də məhkəmə salonlarında cavab verilib və verilir. Mən jurnalistəm, işim xəbərçilikdir. Karyeramın böyük bir hissəsini ANS-də keçirmişəm – müxbirlik, aparıcılıq, redaktorluq etmişəm. Mənim üçün ANS-in bağlanması siyasət, biznes məsələsi deyil, jurnalistika məsələsidir. ANS “təpədən dırnağa” qədər xəbər “maşın”ıdır. Bu telekanalda istənilən gün prezident, baş direktor, baş redaktor və s. əlində mikrofon, çiynində kamera xəbər dalınca qaça bilər. Bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycanda ikinci belə bir televiziya göstərin ki, prezidentinə qədər hamısı həm də reportyor olsun. Yoxdur belə televiziya. Bəlkə bundan sonra da olmayacaq. Belə mühitdə stajçının ölkə çapında tanınmış reportyora, müxbirə, redaktora, aparıcıya çevrilməsi o qədər də çətin deyil.

Bu gün bütün televiziyalarda ANS məktəbinin yetirmələri var. ANS Azərbaycanın efir məkanında baza rolunu oynayır illərdir. Onun qapadılması həm də bir məktəbin bağlanması olacaq. Biz hamımız – mən və həmkarlarım ANS-dən çox şey öyrənmişik. İndi öyrədən yaşımız olsa da, öyrənməyə də davam edirik. ANS-dən sonra bizdən sonrakıları kim öyrədəcək? Vahid və Seyfulla Mustafayevlərin, Mirşahinin və başqalarının əyani dərsini gənc jurnalistlər harda dinləmək imkanı qazanacaq? ANS Azərbaycanın xəbər məkanı üçün bir dəyərdir. İtirilməsi arzuolunmaz bir dəyər. Bu dəyərə təkcə jurnalistlər yox, dövlət və cəmiyyət də sahib çıxmalıdır. ANS-lə bağlı tarixi məhkəmə prosesləri aparan hakimlər də o cümlədən.

Son iki gün…

İnanıram və ümid edirəm ki, bu iki gün ANS-ə yeni həyat verilməsi, prezident İlham Əliyevin ənənəvi söz azadlığı və humanizm siyasətinin təntənəsi ilə yadda qalacaq.

mahir

Mahir Məmmədli