“Təqribən 40 minə yaxın təhsil işçisinin maaşı 100 manatı keçmir” - KAMRAN ƏSƏDOV

  • By admin
  • 05 Yanvar 2018 17:00

2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb. 

Gununsesi.info Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bununla 2014-cü ildən indiyədək diaqnostik qiymətləndirmədən keçən 140 min müəllimin maaşı artır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Belə olan halda, müəllimlərin əməkhaqları nə qədər artıb?

Təhsil üzrə ekspert Kamran Əsədov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, 2014-cü ildən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsini keçirməyə başlayıb: “4500 orta təhsil müəssisəsində 151 min müəllim çalışır. Bundan əlavə, 2009-cu ildə  müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mərkəzləşdirilmiş qaydada işə qəbul olanlar diaqnostik qiymətləndirmədən keçmirlər”.

Diaqnostk qiymətləndirmədən keçənlərin maaşlarının artımı necə tətbiq olunur?

K.Əsədov bildirdi ki, 2016-ci ilə qədər müəllimlərin 1 “stavka”sı 12 saat idi və buna görə 120 manat pul alırdılar: “Ölkə başçısının sərəncamından sonra dərs yükü 18 saata qədər artdı. Ona görə də, verilən əməkhaqqının formatı dəyişdi. Bundan sonra 1 “stavka”nın maaşı oldu 240 manat. 36 saat dərs yükü olanlar 350-400 manata əməkhaqqı qədər alır. Amma əlavələr də var. Əgər 5 ildən çox stajı varsa, əməkhaqqına 5 faizdən çox, dərslik müəllifidirsə, aylıq məvacibinə 50 manat əlavə olunur. Bu gün Bakı şəhərində 42 faiz müəllimin məvacibi 500 manatdan çoxdur. Bu o müəllimlərdir ki, dərs yükü minimum 24-25 saatdır, əmək stajları 15 ildən çoxdur və yaxud da elmi dərəcələri var. 5 ildən az stajı olanların əməkhaqları isə 240 manatdır”.

K.Əsədov qeyd etdi ki, bu gün müəllimlərin  dərs yükü onların diaqnostik göstəricilərinə görə müəyyənləşir: “Bu göstəricilər o qədər də ürəkaçan vəziyyətdə deyil. 2014-2017-ci illərdə 141 min müəllim iştikar edib. Onların 45 faizi ixtisası üzrə minimum cavab veriblər. Həmin müəllimlərin dərs yükü 12 saatı keçə bilməz. Diaqnostik qiymətləndirmədə maksimum bal 60 baldır. Kimsə 10 bala qədər nəticə göstəribsə, onlara veriləcək dərs yükü 6 saatdır. Bu nəticəni göstərən müəllimlər 42 faiz təşkil edir. Təqribən 40 minə yaxın təhsil işçisinin maaşı 100 manatı keçə bilməz”.

Ekspert regionların vəziyyətinə toxundu. Onun sözlərinə görə, şimal və cənub bölgəsindəki təhsil ocaqlarında müəllim qıtlığı var: “Bir müəllim bir neçə fəndən dərs deyir. Bu səbəbdən Lənkəran, Lerik, Astara, Masallı və sair rayonlarda elə məktəblər var ki, müəllimlər 900-1200 manat arası maaş alır. Təbii ki, diaqnostik qiymətləndirməsi yüksən çıxarsa, əməkhaqqı bu səviyyədə olur. Cənub bölgəsində 20 faiz müəllim 800 manatdan çox maaş alır”.

Vüsalə Rüstəmova

Gununsesi.info