Təqsirləndirilənlər şüşə otağa salınmalarına etiraz ediblər -NARDARAN İŞİNDƏ

  • By admin
  • 30 Noyabr 2016 14:42

fuad

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib. 
Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov məhkəmə zalında şüşə otağa salınmalarına etiraz ediblər.

Cabbar Cabarov hakimə şüşələrin çıxarılacağı ilə bağlı onlara verilən sözə əməl edilmədiyini bildirib.Hakim isə məhkəmədə usta və mühəndis olmadığını deyib.

Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun həbs edildiyini söyləyib: “Polislər onun şəxsiyyət vəsiqəsindən unvanını götürüblər, sonra onu 30 sutkalıq həbs ediblər”.

Hakim bildirib ki, elə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.

Prosesdə şahidlərin gəlmədiyi  elan olunub. Proses günün ikinci yarısında davam edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info