Tərəflərin qarşılıqlı səyləri ilə Azərbaycan AŞPA-da fəaliyyətini bərpa edəcək - QÜDRƏT HƏSƏNQULİYEV

BAXCP sədri, prezidentliyə namizəd  Qüdrət Həsənquliyev Azərbaycanla Avropa Şurası arasında yaranmış gərginliyə münasibət bildirib.

 

Gununsesi.info-ya açıqlamasında Həsənquliyev qeyd edib ki, AŞPA-da fəaliyyətini dayandırmaqla Azərbaycan Qərblə əməkdaşlıqdan imtina etməyib: “Bu seçim onlarındır. Soruşsanız, əlbəttə Azərbaycanda insan haqları ilə bağlı problemlər var. Bu, bütün ölkələrdə var”.

Prezidentliyə namizəd deyib ki, bu sahədə nöqsanları aradan qaldırmaq üçün biz köklü məhkəmə islahatları təklif edib: “Amma təəssüf ki, Qərb institutları bu problemləri özlərinə lazım olanda qaldırıb, ondan bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan hazırda torpaqlarını işğaldan azad edib, daha güclüdür və Qərbin riyakar siyasətinə daha sərt reaksiya vermək gücündədir. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.

Düşünürəm bir müddət sonra tərəflərin qarşılıqlı səyləri ilə Azərbaycan AŞPA-da fəaliyyətini bərpa edəcək.

Uzun müddətdir hökuməti çağırıram ki, təcili Xankəndinə və Qarabağda azad olunmuş və yaşayış üçün yararlı olan digər yaşayış məskənlərinə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinə başlanılmalıdır.

Biz bunu etmədikcə təzyiqlər artan xətlə davam edəcək. Qarabağın məskunlaşdırılmaması Zəngəzurun Ermənistana verilməsi qədər yanlış bir qərardır”.

 

Afət

Gununsesi.info