Tərbiyəsiz sürücü nəqliyyatın hərəkətini iflic etdi

  • By admin
  • 08 İyun 2017 16:48

552441

Avtomobilini avtobus dayanacağında saxlayan sürücü ictimai nəqliyyatın hərəkətinə mane olub.

İctimai nəqliyyat vasitələrindən düzgün istifadə olunması və yol hərəkəti iştirakçıları arasında aparılan təbliğat, maarifçilik işlərinə baxmayaraq, hələ də qaydalara əməl etməyən və bununla ictimai nəqliyyatın stabil hərəkətinə maneə yaradan vətəndaşlar var.

Gununsesi.info xəbər verir ki, belə hallardan biri paytaxtın Qara Qarayev prospektində baş verib. Qeydə alınan videogörüntüdən aydın olur ki, 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı “Hyundai Sonata”) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Düz gözü qarşısında müvafiq qadağanedici yol nişanının olmasına və buna rəğmən qaydanı pozmasına baxmayaraq, həmin şəxs öz qanunsuz əməlində israr edir, hətta avtomobilindən düşərək avtobusun sürücüsünə təzyiq göstərməyə çalışır və inadla “yol verməyəcəm!” deyir. Yalnız sərnişinlərin müdaxiləsindən və avtobusdan düşərək sürücüyə iradlarını bildirməsindən sonra o, öz qanunsuz əməlindən çəkinir və avtomobilini sürərək oradan uzaqlaşır.

Məsələ ilə bağlı “Bakubus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Milli.Az-a bildirib ki, bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir:

“”BakuBus” olaraq keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi üçün bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına əməl etməyə və ictimai nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamağa dəvət edirik. Bu istiqamətdə ictimai nəzarət mexanizminin formalaşdırılması və bu cür hallara qarşı ictimai qınaq yaratmaq üçün baş vermiş hadisələrin görüntülərini mütəmadi şəkildə ictimaiyyətin diqqətinə çatdırır və bu işi indən belə də davam etdirəcəyik”.

Gununsesi.info