“Cavid müəllim vətənə, dövlətə bağlı adamdır, insansevərdir” – Şair

  • By arzu
  • 04 May 2020 10:57
“Tərif, yaltaqlıq çoxdur bu məmləkətdə”
Moderator.az saytında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov haqqında maraqlı yazı qələmə alınıb.
Gununsesi.org həmin müəllif yazısını sizə təqdim edir:
Deyir, sözü sözü qanana de, dərdini suya danış. Moderator.az da neçə illərdir, məmləkət insanı üçün, sözü qananlar üçün bu missiyanı yerinə yetirir.
Bu günlərdə çox hörmət bəslədiyim işıqlı ziyalılardan Əlövsət Ağalarovun, Hidayət Elvüsalın, Adil Cəmilin qınaq ruhlu giley yazılarını oxudum. Qələm adamıyam, hər şeydən haliyəm, amma düşünürdüm ki, bunlar ötüb keçər. Dünyanın mizan-tərəzisinin itən vaxtıdır və belə şeylərə gərək bənd olmayasan, amma etiraf edim ki, bənd olmaya da bilmirsən.
İndi zaman elədir ki, hacılar çoxdur, amma din yoxdur. Mövhumat, xurafat köhnə zamanlara baxanda cildini, sifətini dəyişib. Həcc ziyarəti əksər hallarda dəb halını alıb, turist səfərinə çevrilib. Dünyanın hansı ölkəsində qəbiristan mollaları var axı? Bu bəziləri üçün bir növ yüngül iş yerlərinə çevrilib. Müasir dediyimiz dünyada koronavirus müxtəlif formalarda mutasiya elədiyi kimi, ideologiyalar da cəmiyyətləri istədiyi kimi mutasiya edir, yönləndirir. Ona görə də, hər şeyin kökünü araşdırmaq gərəkdir.
Boynumuza alaq ki, biz toplum olaraq dəbə, xorla deyilənlərə çox meylliyik. Yəni xorla tərif, yaltaqlıq çoxdur bu məmləkətdə. Sizə verdiyim müsahibələrin birində bu haqda demişdim və sonralar bu sirr açıldı. İkinci Dünya Müharibəsindən sonra ABŞ kəşfiyyatının qurucularından biri olan məşhur Dallasın “Yeni dünya düzəni” proqramı üzə çıxdı. Bu proqramda qədim köklərə, öz adət-ənənələrinə, dəyərlərə, əyilməzliyə, döyüş ruhuna malik xalqları necə ram etməkdən bəhs edilirdi. Həmin məkrli proqramda insanların dünyaya baxışlarını, dinə, imana sevgilərini, torpağa, vətənə dövlətə bağlılığını, döyüş ruhlarını, dövləti və vətəni qoruma hisslərini necə aradan qaldırmaqdan bəhs olunurdu. Bu proqram ən çox Şərqə, bir sözlə, ipə-sapa satmayan xalqları ram etməyə hesablanmışdı. Bunun üçün Dallas məsləhət görürdü ki, ilk növbədə onların dəyərlərini gözdən salmaq, böyük tarixi şəxsiyyətlərini, dövlət xadimlərini, elm adamlarını, şair və yazıçılarını, səcdə etdikləri din xadimlərini, ağsaqqalları-ağbirçəkləri daşa tutmaq, köhnəliyin qalığı adlandırıb gözdən salmaq, əyyaşlıqdan, yüngül həyat tərzindən, yalançı qəhrəmanlıqdan, qumardan, eyş-işrətdən, dəbdəbənin gətirdiyi həzdən çeşidli filmlər çəkməklə insanları bu həyata alışdırmaq gərək idi. Dünyanı müharibəsiz ələ keçirmək istəyənlər bununla insanların zəif damarları tutub işlərini görürdülər və dünyanın mənzərəsinə baxanda, görünən acınacaqlı tablo onu deyir ki, proqramın icraçıları 80-85 faiz istədiklərinə nail olublar.
Heç uzağa getmək lazım deyil, Azərbaycan televiziyalarının ekranları həmin funksiyanı yerinə yetirən ən bariz nümunələrdən biridir. Baxın, bir alim efirdə çıxış edir, amma başqa bir kanalda sinəsi açıq “manıska” olmayan səsiylə insanların başını-beynini aparır. Di gəl ki, beş nəfər alimin çıxışına baxırsa, minlərlə adam həmin “manıska”ya tamaşa edir. Nə yazıq ki, məmləkətin mövcud halı budur və biz bunu boynumuza almalıyıq. Dəyərsiz dəyərdən, elmsiz elmdən, təhsilsiz təhsildən, namussuz namusdan dərs keçir millətə. Gənclik də elə bilir ki, elə həyat belədir, onların villası, bahalı maşınları, brend saatları, brilliant qolbaqları var. Ona görə də əksəriyyəti bu cür yüngül həyat tərzinə can atır. “Dünya beş günlükdür” şüarı bizim cəmiyyəti bürüyüb.
Onu da deyim ki, son vaxtlar tənqid təhqirə və söyüşə çevrilməkdədir və çevrilib də. Əvvəllər kənddə bir dəli olardı və onu barmaqla göstərərdilər, indi kənddə bir ağıllını barmaqla göstərib ona da deyirlər ki, əyin – başı “tökülür”, acından ölür, bu nə yaşamaqdır? Ailə institutları getdikcə batır, dağılır. Mənim “Qara Məlik, Qara Qəzənfər və mən” əsərimdə bir yer var, Qara Məlikdən soruşurlar ki, nə var, nə yox? Əvvəl cavab verməsə də, sonra təkid edirlər. O, da deyir ki, ay başınıza dönüm, hər şey yaxşıdır, qabaqlar bulaq başına arvadlar yığılardı qeybət üçün, indi kişilər artezian başına yığılır”. Mənə elə gəlir ki, bu hər şeyi deyir…
Dünya insanlığı təhdid edən virusları çox görüb. Nə qədər yeni viruslar meydana çıxsa da, gec-tez çarəsi tapılır. Ən böyük və təhlükəli virussa Dallasın ideologiyası kimi məkrli senarilərdir və bunu heç cür müalicə etmək mümkün deyil, bunun ən böyük dərmanı dəyərlərdir, adət-ənənələrdir, insanlıqdır, Allaha bağlılıqdır, dinli-imanlı olmaqdır.
Sonda ona gəlmək istəyirəm ki, mənim “Rekviem”, “Qalmaz belə, qalmaz dünya” kitabımda Cavid Qurbanova, onun mərhum həyat yoldaşına dillər əzbəri olan şeirlərim var. Yəni biz Cavid müəllimlə uzun illərdir dostluq edirik və məni onu ruhən, iliyinə qədər, təpədən-dırnağa tanıyıram. Bir el misalı var, deyir ki, “Axar su murdarlıq götürməz, nə qədər ona palçıq-çamur atsalar da, axa-axa durular”. Cavid Qurbanov da axar su kimi bir adamdır, bunu çox səmimiyyətlə deyirəm və bütövlükdə o nəsil bir axar çaydır, sudur, ona nə qədər palçıq, çamur atsan axa-axa durulacaq, onu bulandırmaq, çirkaba batırmaq mümkün deyil. Cavid müəllim ağır günlərin dostudur, sirdaşıdır, çox kövrək adamdır, insansevərdir, vətənə, dövlətə bağlı adamdır, tikəsini dostla bölüşəndir, qəlbi, ruhu bulaq kimi dupdurudur və hər addımı da, yerişi də, duruşu da əsl bəy yerişi, duruşudur. Bu, onun üzünün nurundan da görünür. Amma neyləyək, biz də indi mizan-tərəzi itən dövrdə yaşayırıq, ancaq şübhə etmirəm ki, Uca Allah özü bu mizan-tərəzini bərpa edəcək, bu məkrli oyunları pozacaq. Çox gözəl bir söz var, Allah ən böyük oyunpozandır. Aləmlərin Rəbbi bulanıq suda balıq tutmaq sevdasına düşənləri, könül bulandırıb gündəmə gəlməklə ucuz populyarlıq qazanmaq istəyənlərə haqq etdiklərini göstərəcək. Bizlərə düşən səbr etmək və ilahi nizamın təntənəsini gözləməkdir…
Sonda 2007-ci ildə yazdığım “Qalmaz belə, qalmaz dünya” kitabımda Cavid müəllimə yazdığım bir şeir var və ondan iki bəndini oxuculara təqdim etmək istəyirəm:
 
Miskin Abdal, Qurban, Şəmşirdi qalan,
Bu söz qalasının közünə qalan,
Yerdə qalan nə var, yalandı, yalan,
Cavid Qənbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya.
 
Göz dünyadan doymaz, ona həsəddi,
Nəfsin sərhəddi yox, tamahın həddi,
Bu gün bədən diri, sabah cəsəddi,
Cavid Qənbəroğlu, yalandı dünya, 
Gözəl qız cildində ilandı dünya.
Düşünürəm ki, Cavid müəllim də qəbul etməlidir ki, yaşadığımız bu yalan dünyada onun barəsində deyilən bütün bu şər-böhtanlar həqiqətən yalandır.

 

Zakir Fəxri

Gununsesi.org