Tərtər işi: Baş Qərargah rəisi səviyyəsində əmr verilmişdi, neyləməliydim?!

  • By ilhame
  • 30 İyul 2024 19:09

Tərtər hadisələrinə görə həbsdə olan şəxslərdən bir qrupuna verilmiş cəzadan onların özləri də narazıdır, zərərçəkənlər də, prokurorluq da. Özləri təqsirsiz olduqlarını deyir və bəraət istəyirlər. Prokurorluq və zərərçəkmişlərsə, tam tərsinə, cəzaların ağırlaşdırılmasını tələb edirlər.

 

Söhbət Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərovdan, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyevdən, müddətdən artıq xidmət edən (MAXE) hərbçilər Ramil Qarayev və Rüstəm Ələsgərovdan gedir. Ötən ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmüylə R.Ələsgərova 9 il 6 ay, digərlərinin hər birinə də 5 il 6 ay həbs cəzası kəsilib.

 

Gununsesi.info xəbər verir ki, bu hökmdən verilmiş protest və şikayətlərə aylardır Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bir çox yüksək vəzifəli şəxslərin çağırılıb dindirilməsini tələb edərək, bu barədə yenə vəsatət qaldırıblar.

İyulun 29-da məhkəmədə bu məsələ yenidən müzakirəyə çıxarılıb və təmin edilməyib.

2017-ci ilin mayında Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş Süleyman Kazımovun qardaşı Əhəd Kazımov özəlliklə sabiq korpus komandiri H.Həsənovun dindirilməməsindən narazılığını dilə gətirib:

 

“O hadisələrin şahidi olan hər kəs Hikmət Həsənovun adını çəkir. Hətta məhkəmədə dindirilən generallar da deyir ki, “onun qarşısını ala bilmirdik”. Ona gücümüz çatmır, həbs edilmir, heç olmasa, çağırıb şahid kimi də dindirmək istəmirsiniz. Ona bənzəyir ki, sürücü avtobusu çox pis sürür, ağır qəza törədir, hamını dindirirlər, bircə sürücünün özündən başqa…”

 

Ə.Kazımovun nümayəndəsi də bu hadisələrdə rolu olmuş şəxslərin dindirilməməsinə etiraz edir və deyir ki, məhkəmə bu şəxsləri dindirmirsə, vacib məsələləri araşdırmırsa, qanunun aliliyindən söhbət gedə bilməz:

 

“O zaman bu məhkəmələr nə üçündür, kimin üçündür?”

 

Zərərçəkmişlərin əksəriyyəti deyir ki, işgəncəyə məruz qalanda gözləri bağlı olub, onları kimin döydüyünü görməyiblər. İndi məhkəmə önünə çıxarılmış şəxslərin işgəncələrdə, az da olsa, rolu varsa, onlara ağır cəza verilməsi istənilir.

 

“Bizim başımıza gətirilənlər insanlıq əleyhinə olan cinayətlərdir. Tərtərdə baş verənləri biz kinolarda görmüşdük. Kimin günahı varsa, 3-5 il yox, ağır cəza almasını istəyirəm”, – Bəşir Məmmədovun sözləridir.

Təqsirləndirilən 4 nəfərin heç biri ittihamı qəbul etmir. Sabiq hərbi hissə komandiri V.Ələsgərov deyir ki, onu qurban seçiblər. Onun sözlərinə görə, bu hadisələrə fəal qatılmış hərbi hissə komandirləri məsuliyyətdən kənarda saxlanılıblar:

 

“O korpusda 17 hərbi hissə var, təkcə məni tutublar. Hamısı orada hadisələrin düz ortasında idi. Onların yanında mən neyləməliydim? Baş Qərargah rəisi, Ordu korpusu səviyyəsində əmr verilib, mən də icra eləmişəm. Neyləməliydim?”

 

Təqsirləndirilən R.Ələsgərov da təqsirsiz olduğunu bildirib. Onun sözlərinə görə, 9 il 6 ay azadlıqdan məhrum edilib, amma bunun səbəbi ona hələ də aydın deyil. O vurğulayıb ki, işgəncələrdə fəal iştirak edən şəxslər, əksinə, mükafatlandırılıb, vəzifədə irəli çəkiliblər:

 

“Mənə əmr verilib ki, binanın çölündə mühafizədə dayan, mən də dayanmışam. Validə Əhmədova şikayətlərində də yazır ki, oğlumu belin sapı ilə Teymur Məmmədov döyüb öldürüb. Ona toxunan varmı? Xeyr. Mənim kimi yetim-yesirin boynuna qoyublar. Özüm şəkərdən əziyyət çəkirəm, qızım autizm xəstəsidir”.

 

Təqsirləndirilən şəxslərin hamısı çıxışlarında bəraət istəyib.

 

Prokuror da çıxışında Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişməsini doğru yol sayıb. Ancaq o, sadəcə, dövlət ittihamçısı kimi təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını təklif edib:

 

“Verilən cəzaların ədalətsiz olduğunu düşünürük. Xahiş edirəm, hökm cəza hissəsində dəyişsin və təqsirləndirilən şəxslərə verilmiş cəzalar ağırlaşdırılsın”.

 

Avqustun 5-də keçiriləcək növbəti məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin adları çəkilən 4 nəfərlə bağlı qərarı məlum olacaq.

Gununsesi.info