“Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.
Gununsesi.info xəbər verir ki, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.
Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, Ali Məhkəmənin Plenumu “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
Gununsesi.info