Təhlükəli məhlullarla alkoqollu içkilər hazırladılar - FOTOLAR / VİDEO

  • By admin
  • 02 Oktyabr 2019 14:06

Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla hazırlanmış alkoqollu içkilər aşkarlanıb.

Vergilər Nazirliyinə həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayındırılması barədə əməliyyat məlumatları daxil olub.

Məlumat əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb.

Nazirlikdən verilən məlumata görə, müəyyən edilib ki, vergi ödəyicisi 19.08.2024-cü ilədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib.

Obyektdə üç nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib.

Həmçinin, burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4955 ədəd saxta aksiz markaları, 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.

İstehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlullar da aşkar olunub ki, həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə edildiyi faktının araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.

Gununsesi.org