Təhsil eksperti Etibar Əliyev yüksək balla ali məktəblərə qəbul olan tələbələrə müraciət edərək, universitet illərindən səmərəli istifadə etmələri və yalnız auditoriyada verilən biliklərlə kifayətlənməmələri ilə bağlı tövsiyələrini bölüşüb.
Gununsesi.info xəbər verir ki, ekspert tələbələri yeni ədəbiyyatlar axtarmağa, müəllimlərə suallar verməyə və elmi dili öyrənməyə çağırıb.
Onun sözlərinə görə, müasir dövrdə elmi ədəbiyyatların böyük hissəsi ingilis və alman dillərindədir və tələbələr bu dilləri mənimsəmək üçün hər gün çalışmalıdırlar.
Etibar Əliyev universitet kitabxanasından aktiv istifadə etməyin vacibliyini vurğulayıb:
“Öyrənməyin ən yaxşı məkanı kitabxanadır. Dərslərə başlayan kimi Universitet kitabxanasına üzv olun”.
Ekspert tələbələrə evdə şəxsi kitabxana yaratmağı, müxtəlif istiqamətlər üzrə mütaliə etməyi və oxuduqları kitablar barədə biliklərini tələbə yoldaşları ilə bölüşməyi də tövsiyə edib.
O qeyd edib ki, yalnız ixtisas üzrə kitablar oxumaq yetkin mütəxəssis kimi formalaşmaq üçün kifayət deyil. Fəlsəfə, psixologiya və sosiologiyanın da öyrənilməsi tələbənin dünyagörüşünü genişləndirə bilər.
Əliyev dərs zamanı telefondan istifadənin məhdudlaşdırılmasını da vacib sayıb. Onun fikrincə, tələbə bütün diqqətini müəllimə yönəltməlidir.
Ekspert tələbələrin müəllimlərdən öyrəndiyi kimi, müəllimlərin də tələbələrdən öyrənə biləcəyini bildirib:
“Müəllim tələbəsindən öyrənə bilər. Yəni müəllimin oxumadığı kitabı tələbə oxuya bilibsə, bu halda müəllim sizinlə bərabər səviyyədə olacaq”.
Təhsil eksperti tələbələri daha aşağı nəticə ilə universitetə qəbul olan tələbə yoldaşlarına dəstək göstərməyə, universitetdə öz uğurlarını təqdim etmək üçün imkanlar tələb etməyə və gələcək karyeraları üçün faydalı əlaqələr qurmağa çağırıb.
Əliyev universitet təhsilinin yalnız diplom əldə etməkdən ibarət olmadığını vurğulayıb. O, tələbələrin müstəqil bilik qazanmasının, tədqiqat aparmaq bacarıqlarının formalaşdırılmasının və universitetin yaratdığı imkanlardan maksimum istifadə edilməsinin vacibliyini qeyd edib.
Ekspert tələbələrə müraciətində deyib:
“Əgər siz bu gün addım atmasanız, sabah qaçmağa məcbur olacaqsınız!”
Elmar
Gununsesi.info












