Tələbələrin Prezident təqaüdünün məbləği bu qədər oldu

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.

Dövlət başçısının digər Fərmanı ilə Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

1.1. Doktorantura pilləsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1.2.1. magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

Gununsesi.info