Tənhaların Planeti -BAHƏDDİN HƏZİ YAZIR

Bəlkə də biz bədbəxt ola bilərdik, Bəlkə də bədbəxtik, xəbərimiz yox!”

…yaradıcılıq tənha xoşbəxtliyin, ya da lap elə tənha bədbəxtliyin olayıdır. Əlinə qələm alan insan yaradıcı olaraq yalnızdır. İstənilən xor özü yaradıcılıq azadlığına xor baxar…”

Bu fikirləri çoxdan yazmışdım. Məşhur alman yazıçısı Günter Qrassın ifadəsi ilə desəm, öz tənhalığımla qürurlandığım zamanlarda. Nədənsə bu “qürurlu tənhalığın” nədənini soruşan çox oldu. Niyə belə yazdığımla maraqlandılar. Hətta qarşı çıxdılar. Razılaşanlar da var idi. Sayca da az deyildilər.

O səbəbdən, ya da bəlkə də başqa bir məqsədlə tənhalığa dair düşüncələrimi indi yenidən və bir az geniş yazmaq istəyirəm. Necə alınacaq?! Bilmirəm.

…Lesli Paul “İnsanlığın məhvi” əsərində yazır: “Əslində həyatın qaranlıqda yanıb iki-üç saniyədə sönən kibritdən çox da fərqi yoxdur”.

İnsanlığı bilmirəm, ancaq bu fikir ən azı bir insanı – bu sətirlərin müəllifini… məhv etdi. Darmadağın oldum. Deməli, biz qaranlıqda daha çox varıq, işıqda daha çox… yoxuq. Ancaq təsəlim: o “iki-üç saniyəlik” həyata nə qədər istəsən işıq yükləmək olurmuş!. Şükür, çox şükür!

Bir çox insanın bir yanlışı var: elə olur ki, biz hamının olduğu yerdə işıq “görürük”. Ya da işıq olan yerdə hamını “görürük” (zülmətdə itirdiyi itiyini işıqlı yerdə axtarmaq qəfləti bu olsa gərək!)

Di gəl, bircə içimizdəki işığı axtarmağa çox da həvəsli deyilik. İçimizi çölümüzün işığına möhtac etmişik çox zaman. Amma, bax, Mişel de Monten kəndə köçüb zahidsayaq bir yaşam ortamına qucaq açdı; işığı yaradıcı tənhalıqda axtardı. Özünü dinləyib, özü ilə söhbətini esselərə tökdü. Psixologiya elminin “pozitiv tənhalıq” deyə tanıtdığı o ruh halıymış, ya nə?! Vəcd anı, ekstaz məqamı bu pozitiv tənhalığın olayıdır yəqin.

Ya da elə belədir ki var. Yəqinsiz, bəlkəsiz…”

Qeyd: Bu gün Beynəlxalq Yazıçılar Günüymüş! Ona görə də… oxucuları təbrik etmək istədim. Hədiyyəm – hələ dərc etmədiyim, ikinci kitabıma saxladığım yeni essemdən bir parçadır. Tam mətni, ümid edirəm, kitabdan oxuyarsınız.

“Qürurlu tənhalığımız” mübarəkdir, əziz yazıçılar!

Bahəddin Həzi