

AMİP lideri Etibar Məmmədovun Azərbaycan hökumətini fəaliyyətsizlikdə ittiham etməsi və hökumətin itefaya getməsi ilə bağlı fikirləri siyasi dairələrdə ciddi rezonansa səbəb olub.
Ona görə də müxalif siyasətçilər, ekspertlər onun səsləndidiyi fikirlərin müəyyən qismi ilə razılaşsalar da, fərqli mövqelər də səsləndirirlər. Hətta, YAP üzvü və ya iqtidara yaxınlığı ilə seçilən şəxslər də onun səsləndirdiyi tənqidi fikirlərin bir qismi ilə razılaşırlar.
Gununsesi.info olaraq bu məsələ ilə bağlı millət vəkillərinin mövqeyini öyrənməyə çalışdıq.
Millət vəkili Tahir Kərimli Gununsesi.info-ya açıqlamasında deyib ki, 2017-ci ildə hökumətdə mütləq ciddi dəyişikliklər olacaq: “Bu dəyişikliklər istər-istəməz Nazirlər Kabinetindən yan keçməyəcək və orada da ciddi islahatlar gözlənilir. Bu da bu ilin sentyabrda ölkə Konstitusiyasına edilən dəyişikliklərlə bağlıdır. Növbəti ildən etibarən Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqinə başlanacaq. Vitse-prezidentlər isə müəyyən sahələri kurasiya edəcəklər. Ona görə də hesab edirəm ki, bu institun yaradılması hökumətdə və Prezident Administrasiyasında paralel strukturların ləğvinə gətirəcək. Hətta, bu, baş nazirin müavinlərinin ixtisarı ilə nəticələnə bilər və bu məsələ gündəmdədir. Bundan əlavə olaraq Nazirlər Kabinetinindəki ştatların maksimum kiçildilməsi də nəzərdə tutulur”.
T.Kərimlinin fikrincə, vitse-prezidentlik institutunun tətbiqi və kadr islahatları 2017-ci ilin birinci rübündə başalyacaq və onun ilin ortasında başa çatacağına ümid edir.
Millət vəkili onu da deyib ki, E. Məmmədovun Nazirlər Kabinetinin işlək və çevik mexanizm kimi fəaliyyət göstərməməsi iradı ilə razıdır.
“Çünki hökumət zamanında baş verən proseslərə adekvat reaksiya verməyi bacarmalıdır, daha proseslərin arxasında sürünməməlidir. Bu fikirlərlə razıyam. Ümid edirəm ki, Azərbaycan prezidenti də məhz bu çatışmazlıqları nəzərə alaraq, daha çevik idarəetmə mexanizmi yaradılması isitqamətində ciddi islahatlar aparmağı planlayacaq və biz bu yaxınlarda bunun şahidi olacağıq”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info