Tahir Mirkişili: “Hökumətin acizliyi Ermənistanı təxribatlara vadar edir”

“Ağır iqtisadi-sosial vəziyyət, daxildə ciddi siyasi uğursuzluq, pandemiyanın böyük təsiri və hökumətin acizliyi Ermənistanı belə təxribatlara vadar edir”.

Gununsesi.org bildirir ki, bunu Oxu.Az-a açıqlamasında deputat Tahir Mirkişili iyulun 13-nə keçən gecə Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı danışarkən deyib.

T.Mirkişilinin sözlərinə görə, Ermənistanın təxribatı mütəmadi xarakter daşıyır:

“Xüsusilə son zamanlar dövlət sərhədimizdə belə təxribatların sayının artması onların məkrli planlarının bir hissəsidir. Ağır iqtisadi durum, daxildə ciddi siyasi uğursuzluq, əhalinin ağır sosial durumu, pandemiyanın böyük təsiri və hökumətin acizliyi Ermənistanda pik həddə çatmaqdadır.

İctimai-siyasi vəziyyəti dəyişdirmək üçün Ermənistan hər zaman bu üsuldan istifadə edir. Lakin hər zaman da layiqli cavabını alır. 2016-cı ilin Aprel döyüşlərindən sonra Qarabağ cəbhəsində belə təxribatlardan qorxduqları üçün (bunun nə ilə nəticələnəcəyini çox yaxşı anlayırlar) son zamanlar cəbhə xəttində deyil, Ermənistan – Azərbaycan dövlət sərhəddində təxribatlara cəhd etməklə, öz məntiqləri ilə hadisələrə beynəlxalq təşkilatları cəlb etmək istəyirlər.

Amma bu dəfə də düşmənin layiqli cavabı verildi. BMT nizamnaməsini rəhbər tutan Azərbaycan ordusu özünümüdafiə məqsədilə düşmənin dayaq nöqtələrini darmadağın etdi”.

Millət vəkili onu da əlavə edib ki, Ermənistan rəhbərliyi bu cür saxta addımlardan əl çəkməlidir:

“Ermənistan insanların həyatlarını itirməsinə səbəb olan təxribat xarakterli addımlarından əl çəkməlidir. Hər dəfə erməni əsgərlərinin məhv edilməsindən dərs almadan yenidən belə bir təxribatlara əl atılması erməni siyasətinin mərkəzində saxta illuziyaların möhkəm yer aldığını bir daha göstərir.

Bu illuziyaların dağılması üçün ən effektiv üsul Azərbaycan əsgərini gücü və onun silahıdır. Biz bu gücü hər zaman onlara göstərəcəyik. Bizim daxili inancımızın qarşısında heç bir düşmən tab gətirə bilməyəcək. Regionda ədalətin bərpa olunması region xalqlarının inkişafı üçün yeganə çıxış yoludur”.

Gununsesi.org