Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
T.Bağırzadə və digər təqsirləndirilən digər şəxslər ifadə verib. T.Bağırzadə ittihamla özünü təqsirli bilmədiyini deyib. O, heç bir silahlı dəstə yaratmadığını və zorakılıq niyyətində olmadığını bildirib.
T. Bağırzadə dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb. Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Gununsesi.info