

“Tam üzən məzənnəyə keçid zamanı manata daha da uzuclaşacaq. Manat dollara nisbətdə 2,2-2,5 manatadək qaxacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti tam üzən məzənnəyə keçidlə bağlı prosesdə ən azı iki il gecikib.
“Mərkəzi Bank tam üzən məzənnəyə keçsəydi, maliyyə bazarlarında baş verə biləcək hər hansı mənfi tendensiyaların qarşısını alamq üçün yetərincə maliyyə rıçaqlarına malik idi. Yəni, iki il öncə Mərkəzi Bankın valyuta ehtiyatı 16 mlrd dollar civarında idi. Amma indi bu ehtiyat 4 mlrd dollar həcmindədir. Mərkəzi Bank iki ilə valyuta ehtiyatının 75 faizini itirib. Mərkəzi Bank keçən müddətdə bazarda manat kütləsini azaltmaqla, real sektora qoyulan investisiyanı azaltmış oldu. Bu da nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxardı. Məhz Mərkəzi Bankın bu siyasəti manatın möhkəmlənməsinə deyil, əksin, dolların bahalaşmasına gətirib çıxardı”– deyə, V. Bayramov vurğulayıb.
Ekspert bildirib ki, Mərkəzi Bankın bu müddət ərzində həyata keçridiyi pul-kredit siyasəti manatın bazarda real qiymətinin tapmamasına, daha da ucuzlaşmasına və real sektorun inkişafının qarşısını almağa gətirib çıxardı:
“Odur ki, Mərkəzi Bank tam üzən məzənnəyə keçdilə bağlı məsələdə gecikib”.
Hökumətin gec də olsa, tam üzən məzənnəyə keçməsinin səbəbini açıqlayan V. Bayramov deyib ki, əgər hökumət tam üzən məzənnəyə keçməsə, real sektora sərmayə cəlb etmək mümkün olmayacaq:
“Real sektora sərmayə cəlb etmədən də, bu sektorun inkişafı çətin olacaq. Çünki real sektorda çalışanlar manatın bazardakı real məzənnəsini tələb edirlər. Bu baxımdan da, tam üzən məzənnəyə keçid ağrısız olmayacaq və bu proses asan keçməyəcək”.
V. Bayramov əlavə edib ki, Rusiya və Qazaxstanda olduğu kimi, Azərbaycan iki il öncə tam üzən məzənnəyə keçsəydi, bu proses elə də ağrılı olmayacaqdı:
“Çünki o zaman Mərkəzi Bankın yetərincə ehtiyatı var idi. Amma indi bu addım manatın daha da ucuzlaşdırlmasına gətirib çıxaracaq. Aparılan qiymətləndirmələr gösətərir ki, növbəti ildə manatın dollara nisbəti 2,2-2,5 manatadək dəyişə bilər”.
Bununla belə ekspert hesab edir ki, gec də olsa, tam üzən məzənnəyə keçid labüddür və bu addım atılmalıdır.
“Ancaq hökumət tam üzən məzənnəyə keçidlə bağlı kompleks tərdbirlər planını həyata keçirməlidir. Əgər kompleks tədbirlər planı həyata keçirilməsə, liberal məzənnəyə keçid mənfi təsirlərlə müşahidə olunacaq. Ona görə də elə etmək lazımdır ki, vətəndaş bundan əziyyət çəkməsin”- deyə, o, vurğulayıb.
Vətəndaşın və real sektorun liberal məzənnəyə keçdiddən əziyyət çəkməməsi üçün ekspert hökumətə bir sıra təkliflərini də verib.
O, bildirib ki, ilk olaraq dollarla olan kreditlərlə bağlı kompensasiya verilməlidir:
“Maliyyə Nazirliyi və Mərkəzi Bank pul kütləsinin az olmasına baxmayaraq, dollarla olan kreditlərə kompensasiya verməlidir. Düzdür, bununla bağlı hələ 2015-ci ildə hökumətə təklif verdik, ancaq nəzərə almadılar. Əgər bu, olmayacaqsa, tam üzən məzənnəyə keçdiddə manata daha da ucuzlaşacaq və bu zaman dollarla kreditinin qaytarılmasında daha ciddi problemlər ortaya çıxacaq. O baxımdan, hökumət bunu nəzərə almalı və kompensasiya verməlidir.
İkincisi, hökumət qiymət artımının qarşısını almaq üçün idxalatla məşğul olan şirkətlərə subsidiya verməlidir. Onlar da bu subsidiya ilə dolların bahalaşacağı təqdirdə, idxal olunan malların qiymətinin artırılmasına imkan verməməlidirlər. Digər məqam isə ondan ibarətdir ki, hökumət paralel olaraq yerli istehsalı sürətlə inkişaf etdirməlidir. Yerli istehsalı sürətləndirməklə qısa zamandan sonra idxalatın subsidiyalaşmasını dayandırmaq olar. Hökumət bu təklifləri nəzərə alarsa, liberal məzənnəyə keçid elə də ağrılı olmayacaq. Əks təqdirdə, tam üzən məzənnəyə keçid təkcə vətəndaşın sosial həyatına deyil, eyni zamanda, real sektorun inkişafına da öz mənfi təsir göstərəcək”.
Ekspert sonda onu da bildirib ki, liberal məzənnə siyasətində və Azərbaycanın postneft dövründə pul-kredit siyasəti önəmlidir:
“Mərkəzi Bankın bu iki ilədə sərt pul-kredit siyasəti real sektora investisiyanın cəlb olunmasına ciddi maneçilik yaratdı və ona görə də bu siyasətin dəyişdirilməsinə ehtiyac var. Postneft dövründə sərt pul-kredit siyasətinin yürüdülməsi yolverilməz haldır. Əgər hökumət bundan sonra da sərt pul-kredit siyasətini davam etdirməklə tam üzən məzənnəyə keçəcəksə, biz bunun yaxşı olmayan nəticələrini müşahidə etməklə yanaşı, daha çox iş yerlərinin bağlanmasının şahidi olacağıq”.
Mürtəza Bünyadlı
Gununsesi.info