AYIB ölkəmizə 3 milyarda yaxın kredit verib
«İndiyədək Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir”. Gununsesi.info xəbər verir ki, bu fikirlər, Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətinin İqtisadiyyat Nazirliyindəki görüşündə səsləndirilib.
Azərbaycan və AYİB arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən iqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulayıb. Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. Şahin Mustafayev ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə AYİB-lə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verərək vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilıb, Apelyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilıb, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bütün bunlar isə özəl sektorla AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.
AYİB prezidenti Suma Çakrabarti isə bildirib ki, təkcə ötən 2015-ci ildə beynəlxalq təşkilat Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərib. S.Çakrabarti infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Leyla SƏLİMLİ
Gununsesi.info