Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində çap olunmuş “О нравственности наказания” (“Cəzanın əxlaqı haqqında”) adlı növbəti yeni kitabı İngiltərədə nəşr olunub. Gununsesi.info-ya daxil olan məlumata görə, ingilis dilinə tərcümə olunmuş monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin “Cinayət və cəza” (M., 2012), “Cinayət və cəzanın fəlsəfəsi” (СПб, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır. Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir. Xüsusən, əgər söhbət ölüm cəzasından gedirsə, cəza əxlaqidirmi? Cəza qisas, qorxutma, psixoloji təsirdirmi? Cəzalandırma əxlaqının əsası nədir? Cəmiyyət cəza yolu ilə qarşısına qoyduğu məqsədlərə çatırmı? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü? Bu maraqlı əsərdə professor İ.Rəhimovun cavab verməyə çalışdığı sualların tam olmayan siyahısı belədir. Oxucular tərəfindən maraqla qarşılanan kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.