XƏBƏR LENTİ

17 Fevral 2018

14 Fevral 2018 - 13:56

Tanınmış aşıq Ağır Cinayətlər Məhkəməsində dindirildi– “PULUMU İSTƏYİRƏM...”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq ittihamı ilə həbs olunan Rəşad Babayev və Elnur Həsənovun mühakiməsi başlayıb.

Gununsesi.info xəbər verir ki, Rəşad Babayev Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyib, Elnur Həsənov isə onun tanışı olub. İttihama görə, onlar həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, firmaya məxsus 34 min 400 manat dəyərində 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyiblər. Menecer də inanıb və anbardan kompüterləri çıxarıb, onlara verib. Amma təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq, pulu da özləri götürüblər.

İttihama görə, hər iki təqsirləndirilən 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manatını, Namiq Hüseynovun 54 min 500 manatını, Habil Hənifəyevin 53 min 500 manatını alıb və qaytarmayıb. Bu pullar onlardan ucuz kompüter tapmaq adı ilə alınıbmış.

Zərərçəkmişlərdən Namiq Hüseynov (Fərhadoğlu) tanınmış aşıqdır.

Bu işi məhkəmədə Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Fevralın 14-də keçirilən məhkəmədə “BestComp Group” MMC-nin nümayəndəsi mülki iddia qaldırıb. Şirkət təqsirləndirilən R.Babayevdən 33 min 440 manat pul tələb edib.

R.Babayev isə mülki iddia ilə razı olmadığını söyləyib.

Ümumiyyətlə, təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir.

Məhkəmədə Aşıq Namiq Fərhadoğlu da ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini bildirib: “Pulu kompüter biznesi üçün vermişəm. Onlardan bir qismini qaytarıb, qalan 39 min 500 manatımı tələb edirəm”.

Aşıq Namiq istintaqa ifadəsini təsdiqləyib. Deyib ki, məhkəmədən bir gün öncə təqsirləndirilən şəxslərdən R.Babayevin qardaşı Zaur ona zəng edərək, ziyanın ödəniləcəyini söyləyib: “Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı digər zərərçəkmişlər Habil və Adil də mənimlə birlikdə  idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi”.

Bu iş üzrə məhkəmə fevralın 21-də davam edəcək.

Gülər

Gununsesi.info