Tanınmış azərbaycanlı alim ömürlük mükafata layiq görülüb - FOTOLAR

  • By admin
  • 28 İyun 2023 14:46

Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan dünya şöhrətli ilk azərbaycanlı alim, Azərbaycanın Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu münasibətlə Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Məktubda deyilir:

“Hörmətli professor Əfəndiyev!

Biz İnstitutun işində iştirakınıza ehtiram əlaməti olaraq sizi Fields İnstitutunun mükafatçılar qrupunda salamlamağa çox şadıq. Sizin tədqiqat nailiyyətləriniz və riyaziyyatçılar cəmiyyətinə xidmətiniz bizim toplum və ümumiyyətlə, bütün riyaziyyatçı alimlər üçün nümunə rolunu oynayır”.

Fields İnstitutu “Fields İnstitute Fellows” adlandırılan ömürlük mükafatı 2002-ci ildə – öz 10 illik yubileyi çərçivəsində təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafat Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfə verən görkəmli tədqiqatçı alimlərə verilir.

Seçim komitəsi yeni mükafatçıların adlarını hər il Fields İnstitutunun iyun ayında keçirilən illik ümumi toplantısında elan edir. Azərbaycanda səfərdə olduğu üçün Məsud Əfəndiyev builki toplantıya onlayn formatda qatılıb.

Qeyd edək ki, azərbaycanlı elm xadimi dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun dəvəti ilə “Deans Distinguished Visiting Professor” statusunda bir semestr boyu (1 yanvar – 30 iyun 2018) Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun “Thematic Program on Emerging Challenges in Mathematical Biology” birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, “Deans Distinguished Visiting Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edirlər.

O, dünyada məşhur Aleksandr fon Humboldt Fondunun təsis etdiyi “Aleksandr fon Humboldt” mükafatına 1990-cı ildə layiq görülən ilk azərbaycanlı alimdir. Bu mükafatın yalnız 40 yaşına qədər olan xarici alimlərə verilməsi nəzərdə tutulub.

Bundan başqa, 2015-ci ildə azərbaycanlı elm xadimi Aleksandr fon Humboldt Fondunun Almaniya universitetlərində və elmi mərkəzlərində daimi əsaslar üzrə çalışan alimlər üçün nəzərdə tutulan “Alexander von Humboldt Fellowship for Experienced Researchers” (Təcrübəli Tədqiqatçılar üçün Humboldt Tədqiqat Təqaüdü) mükafatına layiq görülüb. Bu mükafat bir qayda olaraq 55 yaşından etibarən təcrübəli alimlərə təqdim edilir. Yeri gəlmişkən, 2021-ci ilin Almaniyadan olan Nobel mükafatı laueratı Benjamin List də vaxtilə “Aleksandr fon Humboldt Fellowship for Experienced Researchers” mükafatına layiq görülənlər arasındadır.

Hazırda Məsud Əfəndiyev Qərbdə riyazi biologiyanın banisi sayılan Ceyms D. Murreyin adını daşıyan “James D. Murray Distinguished Professor” statusundadır və hələlik dünyada bu qürurverici statusu daşıyan ilk alimdir. Bu status 2019-cu ildə dünyanın aparıcı universitetlərindən biri sayılan Kanadadakı Vaterloo Universitetində təsis olunub.

Məsud Əfəndiyev qardaş Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin rektoru Prof. Dr. Erol Özvar (hazırda Ali Təhsil Şurasının (YÖK) prezidentidir) tərəfindən həmin ali məktəbə “Rektor’s Distinguished Visiting Professor” statusunda dəvət olunmuş ilk və yeganə azərbaycanlı alimdir. O, Mərmərə Universitetinin müxtəlif fakültələrindən olan istedadlı tələbələrinə riyazi biologiya və riyazi tibb üzrə silsilə mühazirələr oxuyur.

Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 21 oktyabr 1953-cü il tarixində Zaqatala rayonunda anadan olub. 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.

1989-cu ildə birgə elmi tədqiqatlar aparmaq üçün ABŞ-ın Merilend Universiteti tərəfindən bu ölkəyə dəvət olunub. “Humboldt” mükafatına layiq görüləndən sonra elmi fəaliyyətini Almaniyada davam etdirib. İndiyədək Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində, eləcə də Yaponiya, Avropa, Kanada və ABŞ-ın əksər aparıcı universitetlərində dərs deyib.

On aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktorudur. Yaponiya, Almaniya, ABŞ və İsveçrədə ingilis dilində çap olunmuş səkkiz kitabın müəllifidir.

Alimin 2023-cü ildə işıq üzü görmüş kitabı müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Bu kitab dünyanın ən mötəbər nəşriyyatlarından biri olan “Springer”də ingilis dilində çap edilib. Məsud Əfəndiyevin müəllifliyi ilə “Springer” nəşriyyatında fundamental elmlər sahəsində ulu öndərin 100 illik yubileyinə həsr edilmiş ilk və yeganə kitab kimi tarixə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamına əsasən, Məsud Əfəndiyev elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.