“Problemin kökü nə Flora Kərimovada, nə də Zeynəb Xanlarovadadı. Problem yazını hazırlayanlardadı…”
Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist, bir çox kitabların müəllifi Züleyxa Nadir öz “Facebook” səhifəsində paylaşdığı status-yazısında qeyd edib. Status-yazını olduğu kimi təqdim edirik:
-30 illik jurnalist fəaliyyətimdə beş müğənnidən – Tükəzban İsmayılova, Mübariz Tağıyev, Aygün Kazımova, İlhamə Quliyeva və Gülüstan Əliyevadan yazı yazmışam. Heç birinin də şəxsi həyatına qarışmamış, sırf yaradıcılıqları ilə bağlı yazı hazırlamışam. Tükəzban İsmayılova ilə işlədiyi İncəsənət Gimnaziyasında, Mübariz Tağıyevlə səsyazma studiyasında, Aygün Kazımova ilə Bakı Əyləncə Mərkəzində, İlhamə Quliyeva ilə Tükəzban xanımın evində, Gülüstan xanımın isə öz evində görüşüb söhbət etmişik.
Hər beş müğənni mənə mətbuata çıxmayacaq qədər dedi-qoduya səbəb olan söhbətlər edib. İlhamə Quliyeva Flora Kərimova haqqında elə sözlər danışmışdı ki, əlim üzümdə qalmışdı. Tükəzban xanım da bəzi həmkarlarından giley-güzar edərək ona paxıllıq etdiklərini vurğulamışdı. Xatırlayıram ki, Mübariz Tağıyev də televiziya, ordakı rəhbərlərlə bağlı xoş olmayan sözlər demişdi.
İlhamə xanım ayrılanda dedi ki, yazı çap olunmamışdan qabaq oxumaq istəyir. Mən elə də etdim, yazını hazırlayıb göndərdim. Səhərisi gün gecə evimə zəng vurub o qədər təşəkkür etdi ki, nə yaxşı Flora Kərimova haqqında dediklərini yazmamış, hətta üstüörtülü də olsa balaca bir işarə belə etməmişəm. Bir də onu xahiş etdi ki, yazının sonunda “bu dünyada ən çox sevdiyi oğlu Orxandı” sözlərini yazım. Yazdım da…
Aygün Kazımova da yazı qəzetdə çap olunandan sonra təşəkkür edərək onun da senzurasız sözlərini yazmadığımdan dolayı sevindiyini söylədi. İlk dəfədir ki, dedi, sırf sənətimlə bağlı mükəmməl yazı yazılıb. Məndən xahiş etdi ki, onun səsi yazılmış diktafon kasetini ona verim. Köməkçisi ilə görüşüb kaseti verdim.
Bu faktları yazmaqla onu demək istəyirəm ki, hər deyilən sözü mətbuata çıxarmaq olmaz. İnsanlıq halıdı, çox söz danışa bilərlər, amma jurnalistin borcudur ki, deyilənləri saf-çürük edib ortaya bişmiş material qoysun. İndi 90-cı illər deyil, nə də insanlar beş-on il əvvəl olduğu kimi dedi-qoduya, qalmaqala meyl göstərmirlər. İndi cəmiyyətdə daha qlobal hadisələr müzakirə olunur, müğənnilərin şəxsi həyatı heç kimə maraqlı deyil.
Media nümayəndələrinin məharəti ondadır ki, etikaya, jurnalist əxlaqına əməl edə bilsin. Sevilən insanların şəxsiyyətini futbol topu kimi meydana çıxarmasın. Heç kim aydan arı, sudan duru deyil. Zeynəb Xanlarovanın və Flora Kərimovanın şəxsi həyatları haqqında hələ sovetlər dönəmində də doğru-yalan söz-söhbətlər gəzirdi, amma bu söhbətlərin mətbuata ayaq açması mümkün deyildi. Ona görə də insanlar danışılanların doğrumu, yalanmı olduğuna əhəmiyyət vermirdilər.
Bu gün isə görünən odur ki, qaşınmayan yerdən qan çıxarmağa nə qədər maraqlı adamlar varmış?! Etməyin, yazmayın, ay SÖZ adamları. Nə qazanırsınız axı? İnsanı insanın gözündən salmağa niyə bu qədər həvəskarsınız? İmzanıza hörmət edin, bu gözəl peşəni gözdən salmayın. Jurnalistikanın əsas mahiyyəti ictimai əhəmiyyətli məsələləri gündəmə gətirməkdi. Maqazin xəbərləri bu gün öz dəyərini itirib. Heç olmasa siz özünüzün dəyərinizi qoruyun, sabaha saxlayın…
Gununsesi.info