
“İnsanları o cür – ucdantutma təhqiramiz ifadələrlə təhqir etmək olmaz”
Millət vəkili Astan Şahverdiyevin Rusiyaya miqrasiya edən və bazarlarda işləyən azərbaycanlılar haqqında işlətdiyi aşağılayıcı ifadələrAzərbaycanın ziyalı təbəqəsini də ayağa qaldırıb.
Gununsesi.info-ya A. Şahverdiyevin açıqlaması ilə bağlı münasibət bildirən professor, tanınmış tele-jurnalist Qulu Məhərrəmli baş verənlərdən dolayı təəssüf etdiyini vurğulayıb.
Professor hesab edir ki, hazırda çox həssas dönəmə qədəm qoymuşuq:
“Hazırda çox həssas dönəmə qədəm basmışıq. İnsanlar hər sözə çox ciddi reaksiya verirlər. Ona görə mənə elə gəlir ki, ictimaiyyət nümayəndələri, məmurlar, o cümlədən, seçicilərinin problemlərini həll etməkdə və hüquqlarını qorumaqda borclu olan millət vəkilləri də çıxışlarında, bildirdikləri hər hansı ifadə və münasibətdə həddindən artıq diqqətli olmalıdırlar ki, problem yaşanmasın. O cümlədən, Astan Şahverdiyev də. Bu cür ifadələr işlədənlər mahiyyətini anladıqları leksik vasitələrdən istifadə etməlidirlər”.
Q.Məhərəmmli qeyd edib ki, xüsusi ilə də, millət vəkilləri nitqlərinə və danışıqlarına diqqət yetirməlidirlər:
“Bu, adi bir şeydir. Qoy, lap millət vəkili, ictimai şəxs, məmur olmasın, adi vətəndaş olsun. Söylədikləri ictimailəşən hər hansı fikir və ifadəyə diqqət yetirməlidirlər. Buna borcludurlar. Böyük bir sosial təbəqənin məcburiyyət üzündən xaricə üz tutmasını, Rusiya və ya digər ölkələrdə işləyən həmvətənlərimizi, ümumiyyətlə, insanları təhqir etmək olmaz. Yəni, biz demirik ki, Rusiyada olanların, işləyənlərin, eləcə də Avropaya gedənlərin hamısı ideal insanlardır. Lakin insanları o cür – ucdantutma təhqiramiz ifadələrlə təhqir etmək olmaz. Təbii ki, bu çür çıxışları ziyalı kimi qəbul etmirik. Xalqımızın haqqında belə ifadələrin işlədilmsini bir ziyalı kimi normal qəbul etmirik. Belə münasibətlər yolverilən deyil. Kimliyindən asılı olmayaraq, ictimai qınaq obyektinə çevrilən şəxs üzr istəməli, digərləri də bundan nəticə çıxarmalıdırlar”- deyə, o, bildirib.
Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev “Azadlıq” Radiosuna verdiyi müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.
Gülnaz Qənbərli
Gununsesi.info