ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev haqqında çıxarılmış hökmdən narazıdır. Söhbət ixtisasca həkim olan Mirəddin Ağayevin üç il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən gedir.
Gununsesi.info xəbər verir ki, Mirəddin Ağayev haqqındakı hökmdən apellyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını və cəzası şərti hesab olunmaqla, azadlığa buraxılmasını istəyir.
CM-nin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinən Mirəddin Ağayevin şikayətini Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.
İttihama görə, Mirəddin Ağayev dörd nəfəri işə düzəltmək adı ilə aldadıb, onların pulunu ələ keçirib. Dörd nəfərə dəymiş ümumi ziyan 86 min manatdır. Amma cinayət işi zərərçəkmişlərdən Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayətindən sonra başlanıb.
Zərərçəkmişlərin məhkəmədə ifadəsindən məlum olub ki, Mirəddin Ağayev onlara polisə və ASAN xidmətə işə düzəldəcəyinə söz verib, pul alıb.
Zərərçəkmiş Məmmədmirzə Tağıyev deyir ki, Mirəddin Ağayev ondan 10 min manat pul alıb. Onun sözlərinə görə, Mirəddin Ağayev qardaşı Mirşahinin də adından istifadə edirdi: “Mirəddin Ağayev qardaşının yaxşı əlaqələrinin olduğunu, bu işdə mənə köməklik edəcəyini dedi. Pulu da qardaşının adından istifadə edib aldı”.
Mirəddin Ağayev cinayət işinin materiallarında yazılan ittihamların bir qismi ilə razılaşsa da, bəzi epizodların yalan olduğunu bildirir.
Gülər
Gununsesi.info