Tanınmış məşqçi 73 yaşını qeyd edir – -Fotolar

  • By admin
  • 01 Aprel 2021 21:46

Güləş üzrə əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov bu gün 73 yaşını qeyd edir. 

Gununsesi.info xəbər verir ki, bir çox məşhur güləşçilərimizin şəxsi məşqçisi olan Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Zeynalov,  Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin qeyd edək ki, Elçin Zeynalov Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən Qalib Əliyevin də məşqçisidir.

Gununsesi.info