Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir.
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır.
Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan pediatr Əli Quliyev peyvəndlərin vurulmasının çox vacib olduğunu bildirib:
“Qızılca xəstəliyi gözlənilən bir şeydir. Çünki, insanlarımızın peyvənddən uzaq qalması, peyvənd vurdurmaq istəməməsi, pandemiyadan sonra, xüsusən də pandemiya dövründə insanların peyvəndləri vurdurmaması nəticədə peyvəndlənmədə axsamalara səbəb olub. İndi isə valideynlərin uşaqları qızılca peyvəndlərindən uzaq tutması xəstəliyin yayılmasına səbəb olur. Qızılca bulaşıcı xəstəlikdir. Bir otaqda 20 nəfəriksə, bir qızılcaya yoluxmuş xəstə otağa daxil olarsa, bütün insanlara yoluxdura bilər. Qızılca xəstəliyində təəssüf ki, öncədən heç bir simptom özünü göstərmir. Qızılca xəstəliyi qrip kimi başlayır, valideynlər çox vaxt bunu adi qrip kimi qiymətləndirərək uşaqları məktəblərə göndərirlər. Əgər uşağın səpkiləri çoxalırsa, artıq onun izolyasiya olunması bir əhəmiyyət kəsb etmir, çünki səpkiyə qədər ətrafındakıları yoluxdura bilir. Bu baxımdan bütün uşaqların peyvənd olunması son dərəcə vacibdir”.
Pediatr peyvəndin hansı yaşlarda vurulmasına da münasibət bildirib:
“Qızılca peyvəndi 2 dozada vurulur, biri 1 yaşda, digəri isə 4-6 yaş arası vurulur. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İkinci doza peyvəndinin mütləq 4-6 yaş arası vurulması vacib deyil, əgər xəstəlik kütləvi yayılırsa, daha erkən də vurmaq olar. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Qızılca peyvəndinin yaş limiti yoxdur. Peyvəndlə yanaşı uşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur. Əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvənd vurdurmaq olar. Hamilə qadınlara peyvəndin vurulması düzgün deyil. Təsadüfən hamilə qadınlara peyvənd vurulsa da, çox vaxt əks-gəstəriş verməyib, amma ümumilikdə götürsək, tibbi cəhətdən bu qadağandır”.
“Qızılca vaxtı uşaqları çimizdirmək olar?” sualına Əli Quliyev belə cavab verib:
“Tibbdə heç bir xəstəliyin çimməklə əlaqəsi yoxdur. Bəzi insanlar otağı isti edir, hər yeri bağlayır, ətrafındakı bütün əşyaların qırmızı olmasına üstünlük verir. Qızılcada düzgün bəslənmək şərtdir və su normal temperaturda olarsa, uşaqları çimizdirmək olar. Bəzi valideynlər uşaqlarına poliklinikalarda peyvənd vurulmasını doğru hesab etmir. Peyvəndlərin özəl xəstəxanalarda vurulmasına üstünlük verirlər. Amma tam məsuliyyətimlə deyə bilərəm ki, bu peyvəndlərin heç bir fərqi yoxdur”.
Gununsesi.info