Tanınmış vəkil “növbətçilər”dən yazdı

  • By admin
  • 11 Avqust 2016 10:40

fariz

Tanınmış vəkil Fariz Namazlı istintaq və məhkəmə proseslərinə dövlət tərəfindən təyin olunan vəkillərdən yazıb. Gununsesi.info Fariz Namazlının fikirlərini təqdim edir:

 

Dövlət hesabına çıxan vəkillərdə maraqlı xüsusiyyət var. İşlə tanış olmurlar, məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxsə yaxınlaşırlar, özlərini təqdim edirlər, xeyli danışırlar və ailə üzvlərindən kiminsə ona yaxınlaşmalı olmasını bildirirlər. Kimsə də yaxınlaşanda pul istəyirlər.
Bu xüsusiyyətlər hər vəkildə fərqlidir.
Nardaran işində bir təyinat vəkili proses başlamazdan əvvəl təqsirləndirilən şəxsə yaxınlaşdı, özü haqqında, doğulduğu yer haqqında danışdı və ailə üzvlərindən heç kimin ona yaxınlaşmadığını dedi. Təqsirləndirilən də heç nədən xəbəri yox, dedi yaxınlaşarlar. Vəkil də əlinə girəvə düşmüş kimi sevincək oturdu yerində. İclas başlayandan az sonra bir vəkil gəldi, orderini təqdim etdi. Məlum oldu ki, elə bu təqsirləndirilən şəxsin ailəsi tərəfindən müdafiəçi kimi gəlib. İndi təyinat vəkilinin ağzı əyildi, qaşqabaqla yerində qurcalandı.
Ümumiyyətlə təyinat vəkilləri işə çox can yandırmırlar, nə iş oxuyurlar, nə vəsatət falan yazırlar.
Nardaran işində ibtidai istintaq zamanı təyin olunmuş təyinat vəkillərinə dövlət hesabına 500-700 manat pul yazılıb müstəntiq tərəfindən. Bu məbləğ 250-350 saat vəkillik xidmətinin göstərilməsini bildirir. 2015-ci ilin noyabr ayının 25-dən 2016-cı ilin iyun ayının sonuna qədər 7 ay ərzində sanki bu təyinat vəkilləri əməllicə işləyib, təqsirləndirilənlər üçün nələrsə ediblər. Amma işlə tanış olanda onlar tərəfindən hər hansı şikayətin yazılmadığının şahidi olursan. Bu azmış kimi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçildikdə, məhkəmə qərarından apellyasiya şikayəti belə vermirlər və məhkəmə qərarlarında onların həbs qətimkan tədbirinin seçilməsinin məhkəmənin mülahizəsinə buraxılması fikirləri əks olunub.
Dövlət hesabına vəkilin müdafiəçi qismində təyin edilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun keyfiyyətli və effektiv həyata keçirilməsi üçün kifayət etmir. Əgər təyin edilmiş vəkil müdafiə işini düzgün və keyfiyyətli aparmırsa və bu dövlət qurumlarının diqqətinə çatdırılırsa, dövlət işə qarışmalı və bu səhvi aradan qaldırmalıdır.
Hökümət bəlkə də düşünür ki, mən tutulan şəxslərə vəkil təyin etmişəmsə, artıq məsuliyyət mənim üzərimdən getdi. Amma elə deyil. Hətta AVropa Məhkəməsi dövlət hesabına təyin edilmiş vəkilin işini keyfiyyətli aparmamasına görə Konvensiya müddəalarının pozulması nəticəsinə gəlir.
Kamasinski Avstriyaya qarşı işdə Avropa Məhkəməsi göstərib ki, hüquqi yardım üçün təyin edilmiş vəkilin hər bir səhvinə görə dövlət məsuliyyət daşımır. Vəkil peşəsinin dövlətdən müstəqil olması onu göstərir ki, təyinatla və ya müqavilə ilə işə çıxan vəkilin davranışı onunla müdafiə etdiyi şəxsin işidir. Lakin Konvensiyanın 6.3(c) bəndinə görə, səlahiyyətli yerli orqanlar o halda işə qarışır ki, hüquqi yardım göstərən vəkilin qabiliyyətsizliyi aşkar görünür və ya dövlət qurumunun diqqətinə çatdırılıb.
Artiko İtaliyaya qarşı işdə Məhkəmə göstərdi ki, təyin olunmuş vəkil öz vəzifələrini yerinə yetirə bilmirsə və aidiyyatı qurumlar bunu bilirsə, onlar ya onu dəyişməli, ya da onun öz vəzifələrini yerinə yetirdiyinə əmin olmalıdırlar.
Yaxud vəkil məhkəmə iclasında susursa, çarpaz dindirmələrdə iştirak etmirsə, şahidlərə sual vermirsə, bu da Konvensiyanın 6.3(c) maddəsinin pozuntusu kimi qiymətləndirilir (Falkao Dos Santos Portuqaliyaya qarşı).
Ona görə də Nardaran işində məhkəmə orqanı təqsirləndirilən şəxslərin dövlət hesabına təyin olunmuş vəkillərdən etdiyi narazılıqları qulaqardına vurmamalıdır. Yekunda əminəm ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vəkilin yanında ifadə verməsini əsas götürüb çıxışını edəcək.
Hətta təyinat vəkillərinə veriləcək 500-700 manat vəsait onların vicdanlı davranmasına kömək etməyib, müstəntiqlərin əlinə baxması, onlardan qorxması bu kimi vəkillərin işi istintaqçıların istədiyi kimi aparmasına kömək edir. Nahaq yerə demirlər ki, cəhənnəmə yolu vəkillər çəkir. Amma bu yolu çəkəndə gərək ehtiyatla çəksinlər, özləri də düşər deyə .

P.S. Dustaqlar arasında onlara “poykovoy”lar deyirlər.