
Tanınmış vəkil Bəhruz Bayramov Gununsesi.info-ya müraciət edərək hüquqlarını qoruduğu İran vətəndaşı Əlizadə Uskuyi Ələrza Rza oğlunun Ədliyyə naziri Fikrət Məmmədova müraciətinin yayımlanmasını xahiş edib.
Əlizadə Uskuyi Ələrza Rza oğlu müraciətində bildirir ki, İmanov Əhməd Hidayət oğlu ona külli miqdarda pul borclu olub və 2017 – ci ildə Binəqədi Məhkəməsi iddiasını qismən təmin edərək cavabdehin ona 55 837 ABŞ dollar ödəməli olması haqqında qətnamə çıxarıb. Amma bu günədək nə cavabdeh həmin pulu ödəyib, nə də Ədliyyə Nazirliyinin müvafiq qurumu həmin qətnamənin icra olunması üçün əməli işə keçib. Halbuki həmin məhkəmə qətnaməsində cavabdeh İmanov Əhməd Hidayət oğluna məxsus evə həbs qoyulduğu və satılaraq iddiaçıya ödənilməli olduğu qeyd olunub. Yəni cavabdehin öz mənzilini sataraq həmin pulu ödəmək imkanı var, sadəcə nazirliyin icra baş idarəsi həmin qətnamənin icrasını ona məlum olmayan səbəb üzündən bu günədək yubadıb.
İddiaçı Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edir ki, məsələni şəxsi nəzarətinə götürsün və qətnamənin icra olunmasına göstəriş versin.
Gununsesi.info