Tarixə çevrilmiş yeddi emosiya

  • By admin
  • 04 May 2019 17:02

İnsanlara aid emosiyalar, adətən, ümumi və dəyişməz hesab olunur. Halbuki eyni emosiyalar yerinə görə fərqli dəyərləndirilir, məsələn, sırf almanlara məxsus “schadenfreude” ruslarda “başqalarının uğursuzluğuna sevinmək”dir.

Böyük alınlı alimlərsə durmadan yenilərini kəşf edirlər, məsələn, “itirilmiş faydalar sindromu”ndan əziyyət çəkən milyonlarla insan olduğunu deyərək (“Fear of Missing Out” – “Twitter” və ya “Facebook”da nəsə çox vacib bir şeyi, üzünü belə görmədiyin saysız-hesabsız dostları itirmək qorxusu).

Bundan başqa, həm emosiyalar, həm də bizim onları hiss etmə, anlama və müzakirə etmə formalarımız da zamanla dəyişə bilir.

Emosiyaların Tarixi Mərkəzinin əməkdaşı doktor Sarah Chaney ilə söhbət edən BBC belə dəyişmələrin ən bariz nümunələri toplayıb.

1.Asediya

Asediya (apatiya) – çox spesifik duyğudur, daha çox orta əsrlərdə monastırlarda yaşayan keşişlərə aiddir.

Orta əsr ilahiyyatçıları fani dünyanın 8 günahı sırasında asediyanı altıncı yerə qoymuşdular. Asediya, adətən, mənəvi böhran zamanı yaranır və özünü tənbəllik, ümidsizlik, yorğunluq şəklində və ən çox da “müqəddəs həyatla” vidalaşmaq arzusu kimi büruzə verirdi.

RahiblərFotonun müəllifiGETTY IMAGES
Image captionAsediya bilavasitə monastırdakı keşişlərə aid xəstəlik idi

Sarah Chaney deyir ki, bizim dövrdə bu vəziyyəti depressiyayla əlaqələndirərlər: “Amma apatiya yalnız monastır həyatının və oradakı mənəvi böhranın yaratdığı vəziyyətiydi”.

Belə məlum olur ki, asediyanı müşayiət edən tənbəllik monastır rəhbərlərinə ciddi ölçüdə problemlər yaradırmış, ona görə də zamanla asediya tənbəlliyinin – ölümcül günahlardan birinin sinonimi kimi qəbul olunmağa başlayıb.

2. Hikkə

“Hikkə də orta əsrlərə aid emosiyaların bariz nümunələrindən biridir. Bu, qəzəbə yaxın hissdir, ancaq daha dar mənadadır. Hikkə içində olan adam da həyəcanlıdır, zaman-zaman qəzəb tutmaları keçirir, irəli-geri gedib hay-küy salır” – doktor Chaney belə deyir.

Qravyurada arxadan zərbə səhnəsiFotonun müəllifiGETTY IMAGES
Image captionDəlilik fiziki həyəcanla müşayiət olunurdu: bir yerdə durmaq mümkün deyildi

Hikkəli vəziyyətdə sakit oturmaq mümkün deyil. Bizim indiki qavrayışımıza görə, hikkə böyük səylər hesabına gizlədilməsi mümkün olan daxili vəziyyətdir.

Amma bu, orta əsrlərdəki hikkə anlayışına qətiyyən uyğun gəlmir.

Doktor Chaney qeyd edir ki, o dövrün insanlarının öz emosiyalarını ifadə etmək üçün işlətdikləri sözlər bizim oxşar hissləri yaşaya bilməyəcəyimizi göstərir.

Bir çox emosiyalar zamana və məkana o qədər çox bağlıdır ki, bu gün onları o şəkildə hiss etmək mümkün deyil.

3. Melanxoliya

Biz melanxoliyanı sakit və kədərli fikrə dalma halı kimi başa düşürük.

“Ancaq ötən əsrdə belə deyildi. Yeni tarixin başlanğıcında melanxoliya qorxuyla müşayiət olunan fiziki rahatsızlıq kimi qəbul edilirdi” – doktor Chaney belə deyir.

Melanxolik insanFotonun müəllifiGETTY IMAGES
Image captionMelanxoliya izafi qara öd şirəsindən qaynaqlanan xəstəlik sayılırdı

XVI əsrə qədər belə hesab edilirdi ki, insanın sağlamlığını 4 əsas şirə təmin edir: qanın, seliyin, qara və sarı ödün şirələri. Melanxoliya qara ödün çox olduğu vəziyyət sayılırdı.

Doktor Chaney o dövrdə melanxoliyanın əsas əlamətinin qorxu olduğunu bildirir:

“Bəzən insanlar hətta hərəkət etməyə də qorxurdular, elə bilirdilər ki, şüşədən düzəldiliblər və qırıla bilərlər”.

Məsələn, Fransa kralı VI Karl məhz bu qavrayış pozuqluğundan əziyyət çəkdiyi üçün öz paltarlarına dəmir çubuqlar tikdirirmiş – təsadüfən qırılıb tökülməsin deyə.

4. Nostalgiya

Zamanla məna dəyişikliyinə uğramış emosiyalardan biri də nostalgiyadır.

Doktor Chaney bu gün bizim tez-tez işlətdiyimiz bu sözün bir vaxtlar xəstəlik adı olduğunu vurğulayır: “Bu, XVIII əsr dənizçilərinin xəstəliyi idi: evdən ötrü darıxmaq və özü dənizdəykən evində nəsə pis bir şey baş verdiyini düşünmək belə adlandırılırdı”.

DənizçilərFotonun müəllifiGETTY IMAGES
Image captionNostalgiya – sahil və evlərindən ötrü darıxan dənizçilərin xəstəliyi idi

İndikindən fərqli olaraq üç yüz il əvvəl nostalgiyanın həm də fiziki simptomları vardı.

Bu hissiyyata qapılmış dənizçilər yorğunluq və apatiya hiss edir, mübhəm ağrılardan əziyyət çəkir və öz vəzifələrini yerinə yetirə bilmirdilər.

Xüsusilə kəskin hallarda nostalgiya ölümlə də nəticələnə bilərdi.

Yəqin razılaşarsınız ki, bu bizim nostalgiyayla bağlı “gözəl keçmişdən ötrü darıxmaq” təsəvvürümüzə heç uyğun gəlmir.

5. Hərbi nevroz

Bu emosiya daha çox Birinci dünya müharibəsində fasiləsiz artilleriya atəşi altında olan əsgərlərə aid edilirdi.

Bir çox başqa emosional yaşantılar kimi, hərbi nevroz da bizim ona münasibətimizdən və müalicə üsulundan asılı olaraq emosiya və xəstəlik arasında “tərəddüd edir”.

Səngərdə əsgərFotonun müəllifiGETTY IMAGES
Image captionHərbi nevrozdan əziyyət çəkən əsgərlər bəzən görmə və eşitmə qabiliyyətlərini də itirirdilər.

Doktor Chaney deyir ki, o vaxt hərbi nevrozdan əziyyət çəkənlər gözlə görünən hər hansı zədələri olmadan qəribə tutmalar keçiriblər, çox hallarda hətta görmə və eşitmə qabiliyyətlərini də itiriblər:

“Müharibənin əvvəlində belə hesab edilirdi ki, bu, ön cəbhədə – beyin silkələnməsinə səbəb olan mərmi partlamalarına çox yaxın məsafəndə olmağın nəticəsidir.

Ancaq sonra məsələnin emosional yaşantılardan qaynaqlandığı qənaəti yarandı”.

6. İpoxondrik sindrom

İpoxondriya XIX əsrin əvvəllərində birbaşa insanın emosional vəziyyətiylə əlaqələndirilməyə başlanıb.

“Ümumi əlamətlərinə görə ipoxondriya viktorian dövrü həkimlərinin “isteriya” adlandırdıqları vəziyyətin kişilərə aid növüdür. O vaxt hesab olunurdu ki, bu xəstəlik yorğunluq, ağrı və həzm problemləri yaradır.

XVII-XVIII əsrlərdə ipoxondriyanın xəstə dalaq problemindən qaynaqlandığını düşünüblər, amma sonra bu qənaətə gəliblər ki, səbəb əsəblərdir” – doktor Chaney belə deyir.

Bəzi emosiyalar xəstəlik hesab olunurduFotonun müəllifiGETTY IMAGES
Image captionBəzi emosiyalar xəstəlik hesab olunurdu

Viktorian dövrünün həkimləri bu simptomların insanın öz səhhətiylə bağlı maniakal narahatlığından yarandığını düşünüblər.

Yəni söhbət fiziki problemdən getsə də, ruh və emosiyaların da zədələndiyi düşünülüb.

7. Mənəvi dəlilik

Bu termin 1835-ci ildə doktor James Cowles Prichard tərəfindən icad edilib.

Doktor Chaney deyir ki, praktiki olaraq söhbət “emosional dəlilik”dən gedir:

“Məsələ burasındadır ki, “əxlaqlı” və “mənəvi” terminləri uzun müddət həm də “psixoloji” və “emosional” anlamını verib və bu müəyyən qarışıqlığa səbəb olub”.

Qədim qravyuraFotonun müəllifiGETTY IMAGES
Image captionXəstəliklərin və emosiyaların bir çoxu “mənəvi dəlilik” adlandırılırdı

Doktor Prichard-ın “mənəvi dəli” hesab etdiyi adamlar bəlirgin psixi pozğunluq əlamətləri olmadığı halda, qəribə və xaotik davranıblar.

“Prichard-ın pasientlərinin kifayət qədər böyük qismi normal insanlar kimi davrana bilirdilər, amma onlar da öz emosiyalarını idarə edə bilmir və qəflətən cinayət törədirdilər”, – doktor Chaney belə deyir.

Məsələn, yüksək təbəqəyə aid savadlı qadınlarda kleptomaniya “mənəvi dəlilik” sayılırdı, çünki hesab olunurdu ki, onların nəsə oğurlamağa ehtiyacı yoxdur.

Doktor Chaney “mənəvi dəlilik” terminin ümumiləşdirici olduğunu bildirir:

“Həddindən artıq kəskin emosiyaları və ən çox da idarəolunmaz uşaqların ruhi vəziyyətini izah etmək üçün bu termindən istifadə olunub”.